BAKI, 20 fevral — Sputnik. "Xaricdə dini təhsil alanların diplomlarının tanınması üçün mexanizmlərin hazırlanması nəzərdə tutulub". Bunu "Report"a müsahibəsində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dini təhsil şöbəsinin müdiri, dinşünas Elnarə Kərimova deyib.
O bildirib ki, xaricdə dini ali və orta ixtisas təhsili almış şəxslərin diplomları qəbul olunur:
"Sənəd qəbulunda onlar iştirak edirlər. Xaricdə dini təhsil almaqla bağlı qanunvericiliyin müəyyən tələbləri var. Həmin tələblərdən biri də ondan ibarətdir ki, gənclər xaricdə dini təhsil almağa yalnız Dövlət Komitəsinin razılığı ilə dini mərkəz tərəfindən göndərilə bilərlər".
Onun sözlərinə görə, son 20 il ərzində Dövlət Komitəsinə belə bir müraciət daxil olmayıb. Ümumiyyətlə, xaricdə dini təhsil alanların diplomları ilə bağlı məsələ çox ciddidir. Nəzərdə tutulur ki, bu şəxslərin diplomlarının tanınması üçün mexanizmlər hazırlansın", - deyə qurum rəsmisi bildirib.
Məlumat üçün bildirək ki, Azərbaycanda dini ali təhsil verən İlahiyyat İnstiutu 2018-ci ildən fəaliyyətə başlayıb. Bu ali təhsil müəssisəsinə hər il 36 nəfər İslamşunaslıq ixtisası üzrə, 36 nəfər isə Dinşunaslıq üzrə qəbul olunur.
Azərbaycan İlahiyyat İnstitutunda ali təhsil tam ödənişsizdir. Həmçinin tələbələrə təqaüdlə yanaşı yemək pulu verilir. Tələbələr pulsuz kitabla da təmin olunur.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.