PAYTAXT XƏBƏRLƏRİ

Qeyri-etik davranış sərgiləyən sürücülər necə cəzalandırılır?

Ekspert bildirir ki, müştəri məmuniyyətini təmin etmək üçün sürücülərlə şirkətlər arasında əmək müqaviləsi bağlanılmalıdır
Sputnik
BAKI, 20 fevral — Sputnik. Son zamanlar müxtəlif taksi sürücüləri ilə qadın sərnişinlər arasında olan anlaşılmazlıqlar barədə xəbərlər artmaqdadır. Daxili İşlər Nazirliyi taksi sürücüləri tərəfindən qadın sərnişinlərə qeyri-etik təkliflərlə bağlı rəqəmləri açıqlayıb.
Son statistikaya görə, paytaxtda polis əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində müxtəlif taksi şirkətlərinin sürücüləri tərəfindən 9 hüquqpozma faktı aşkar olunub. Onlardan 1-i dələduzluq cinayəti, 8 fakt isə qadın sərnişinlərə qarşı qeyri-etik təkliflərlə bağlı olub.
Texniki vasitələrlə aşkarlanan hüquqpozma halları ilə bağlı 8 sürücü inzibati məsuliyyətə, 1 sürücü isə cinayət məsuliyyətinə cəlb edilib.
Bu problemi necə aradan qaldırmaq olar?
Nəqliyyat üzrə ekspert Aslan Əsədov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, son zamanlar vətəndaşlarla yerli və ölkəmizdə fəaliyyət göstərən xarici taksi şirkətlərinin sürücüləri arasında müəyyən problemlər müşahidə edilir: "Çünki taksi sürücülərinin işə qəbulunda hansısa inzibati kriteriya, ciddi nüans nəzərdə tutulmayıb. Ciddi nüanslardan biri kimi şəxsin ən azı 1 il sürücülük təcrübəsi olmalıdır, yerli olmayan taksi şirkətlərində çalışanların bank hesabı, VÖEN-i olmalıdır. Cəza tədbirləri olaraq bu cür şəxslər işdən azad edilməlidir".
"Lakin əmək müqaviləsi bağlanmadığından heç nə dəyişmir. Yəni, əmək müqaviləsi bağlanmış olsaydı, bu sürücülər qeyri-etik davranışlarına görə bir başqa şirkətdə də işləyə bilməzdilər", - o, əlavə edib.
Qanunvericilik bazası
Ekspert Eldəniz Cəfərov Sputnik Azərbaycan-a açıqlamasında problemin həlli yollarından danışaraq bildirib ki, taksi sürücülərinin işə qəbulu Nazirlər Kabinetinin 2019-cu ildə qəbul etdiyi reqlament əsasında olmalıdır: "Bu reqlamentə görə taksi sürücüsünün yaşı 21-dən az olmamalıdır. Sürücülük təcrübəsi də iki ildən az olmamalıdır".
"Taksi fəaliyyəti ölkədə 3 cür qurulub: qarajı, avtomobilləri, ştat işçiləri olan taksi şirkətləri, digər sürücülərə müştəri verən taksi operatorları. Bunun qarşılığında həmin şirkətlər komissiya haqqı alırlar. Üçüncüsü isə fərdi qaydada taksi sürənlərdir. Bunların hər birinə görə qaydalar, şərtlər dəyişir", - o, əlavə edib.
Qadın sərnişinlərə qarşı qeyri-etik davranışlardan söz açan ekspert bildirir ki, hazırda yalnız polis əməkdaşları vətəndaşların şikayəti əsasında əxlaqsızlıq edən sürücülərə qarşı tədbir görür: "Taksi xidmətini tənzimləməli olan qurumlar bu istiqamətdə təəssüf olsun ki, hansısa iş görmürlər. Müvafiq qurumların əvəzinə bütün işləri polis görür. Əslində belə olmalı deyil".
"Azərbaycanda taksi xidmətini normal vəziyyətə gətirmək olduqca asandır. Bunun üçün sadəcə üç ay vaxt və bu işi görməyə istək lazımdır. Çünki bunu tənzimləmək üçün qanunvericilik bazası mövcuddur", - ekspert vurğulayıb.
"Bu cür sürücülərin son aqibəti necə olur", sualına cavab olaraq, DİN-dən bildirilib ki, onlar həbs olunurlar.
Şirkətlərin bununla bağlı tələbləri varmı?
Bir neçə taksi şirkəti ilə də əlaqə saxladıq.
Şirkətlərdən bildirildi ki, sürücülərlə əməkdaşlıq olur, VÖEN hesabı açılır, müştərinin şikayəti "müştəri xidmətləri şöbəsi"nə yönləndirilir, sürücünün hansısa qeyri-etik davranışı təsdiqlənərsə, bu zaman onunla əməkdaşlıq dayandırılır.
Göründüyü kimi, polis işə qarışmazsa, bu şəxslər bir şirkətlə əməkdaşlıqdan məhrum olub başqa bir şirkətlə əməkdaşlıq edə bilərlər. Bu isə yenə də müştəri məmnuniyyətsizliyinə səbəb olacaq.
Yəni, ölkədə taksi fəaliyyəti Nazirlər Kabinetinin tələbləri əsasında təşkil olunarsa, bundan əlavə şirkətlərlə sürücülər arasında əmək müqaviləsi bağlanarsa, sükan arxasında məsuliyyət daha da artar və belə arzuolunmaz hallar aradan qalxar.
Xatırladaq ki, bir müddət öncə paytaxtda polis əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində müxtəlif taksi şirkətlərinin sürücüləri tərəfindən 31 hüquqpozma faktı qeydə alınıb. Onlardan 1 fakt üzrə narkotik vasitələrin qanunsuz dövriyyəsi, 1 fakt üzrə oğurluq cinayəti, 29 fakt üzrə qadın sərnişinlərə qarşı qeyri-etik təkliflərlə bağlı olub.