BAKI, 20 fevral — Sputnik. Ötən il ölkədə cəmi 5320 vərəm xəstəsi qeydiyyata alınıb. Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutundan verilən məlumatda bildirilib ki, onlardan 2939 nəfəri həyatında ilk dəfə vərəmlə xəstələnənlərdir, 2381 xəstə isə təkrar olaraq xəstə kimi qeydiyyata alınıb.
Qeyd edilib ki, vərəm xəstəliyini xüsusi müayinə üsullarına əsaslanaraq, yalnız həkim ftiziatr tərəfindən diaqnozu təsdiq olunmalıdı. Bu da yalnız ixtisaslandırılmış Vərəm müəssisələrində mümkündür:
"Vərəm mikobakteyalarının (vərəm xəstəliyin törədicisi) aşkarı xüsusi vərəm laboratoriyalarında, dünyada və ölkəmizdə qəbul olunmuş, icra olunan, ÜST-nin tövsiyələrinə əsaslanan müayinələrin nəticəsində təsdiqlənir. Bu laboratoriyalar və xüsusi müayinələr səviyyəsinə əsaslanaraq Səhiyyə Nazirliyi Elmi Tədqiqat Ağ Ciyər Xəstəlikləri İnstitutununda və vərəm əleyhinə müəssisələrdə aparılır".
Bildirilib ki, klinik protokollara uyğun olaraq ilkin səhiyyədə çalışan həkimlər, ixtisaslı mütəxəssislər, özəl klinikalarda işləyən hansısa bir mütəxəssislər pasiyentində vərəm diaqnozuna şübhələnərsə, təsdiqi üçün ixtisaslaşdırılmış vərəm müəssisələrinə yönəltməlidir:
"Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və İcbarı Tibbi Sığora Agentliyi tərəfindən Milli Vərəm Proqramı çərçivəsində vərəm xəstəliyinin aşkarlanması, müalicəsi və profilaktikası tam şəkildə aparılır və ölkədə yaşayan istənilən vətəndaş üçün əlçatandır. Vərəm xəstəliyi tam əminliklə aşkarlanan halda Respublika Gigiyena və Epidemiologiya mərkəzlərinə xəbərdarlıq göndərilir və xəstə qeydiyyata düşür. Bundan sonra həkim ftiziatr xəstənin Kliniki protokollara uyğun olaraq, müalicəyə başlanılır və tam həkim nəzarəti altında müalicə davam etdirilir".
"Vərəm xəstəliyinin qarşısının alınmasının vacib aspektlerindən birincisi xəstəliyin profilaktikasıdır. İlkin addım kontaktları, yoluxmuş şəxsləri, risk qruplarının vaxtında aşkarlanması və İlkin Səhiyyə xidməti ilə kolloborativ əməkdaşlıq, hətta özəl xəstəxanaların həkimləri bu işdə diqqətli olmalıdırlar. Məqsədimiz əhalinin düzgün maarifləndirilməsi, doğru ünvana yönləndirlməsi, düzgün müayinə, diaqnostika və müalicəsdir. Vətəndaşları sosial şəbəkələrdə yayılan yanlış məlumatlara yox yalnız dövlət qurumlarının rəsmi məlumatlarına istinad etməyə çağırırıq", - deyə verilən məlumatda bildirilib.
Xatırladaq ki, 2021-ci ildə vərəm xəstəliyi ilə xəstələnməyə görə ilk dəfə qoyulan diaqnozların sayı 2 min 535 olub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.