BAKI, 20 fevral — Sputnik. "Cari ilin sonunda dünya bazarında neftin 1 barelinin qiyməti 100 ABŞ dollarına çatacaq". Bu barədə ABŞ-ın "Goldman Sachs" bankının analitikləri məlumat veriblər.
Aparılan tədqiqatın nəticələrini açıqlayan analitiklər bildiriblər ki, alternativ enerjidən istifadəyə üstünlük verilsə də, Avropada bu sahənin inkişafına kifayət qədər sərmayə yatırılmır. Neft və qaz hələ uzun illər enerji bazarında aparıcı mövqedə olacaq.
Bankın analitikləri hesab edirlər ki, neftlə yanaşı, neft məhsullarının da qiymətində artım müşahidə olunacaq.
Qeyd edək ki, Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) cari il üçün gündəlik qlobal neft tələbatı ilə bağlı proqnozunu yüksəldib.
Hesabata görə, 2023-cü il qlobal gündəlik neft tələbatının 101,87 milyon barel səviyyəsində olacağı gözlənilir. Neft tələbatının artım tempi isə 2,32 milyon barel olacaq.
2022-ci ilin proqnozunda qlobal gündəlik neft tələbatı 99,55 milyon barel təşkil edib. Belə ki, ötən il neft tələbatının artım tempi 2,54 milyon barel səviyyəsində olub.
Neft qiymətləri bu həftəyə yüksəlişlə başlayıb
Xatırladaq ki, neft qiymətləri bu həftəyə yüksəlişlə başlayıb. London birjasında "Brent" markalı neftin qiyməti 0,67 dollar artaraq 83,67 dollar, Nyu-York birjasında "Light" markalı neftin qiyməti isə 0,53 dollar bahalaşaraq 76,87 dollar təşkil edib.
Ötən həftəni ucuzlaşma ilə başa vuran neft qiymətləri həftəyə bahalaşma ilə başlayıb. Səbəb Çində tələbin artacağına dair gözləntilər olub. Belə ki, ötən həftə Çin rəsmiləri COVID-19 üzərində "həlledici qələbə" qazandıqlarını elan ediblər. Bazarlarda ABŞ Mərkəzi Bankından (FED) gələn mesajlar və Çindəki neftə tələb proqnozu diqqətlə izlənib.
FED-in inflyasiya ilə mübarizə aparmaq üçün pul siyasətini daha da sərtləşdirməsi ehtimalı neft qiymətlərini məhdudlaşdırsa da, Çinin neft tələbində canlanma olduğu məlumatları yayılmaqdadır.
Keçən həftənin sonunda "Azeri Light" markalı neftin qiyməti 2,14 dollar azalaraq 85,34 dollar olub. Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 50 ABŞ dollarından hesablanıb.
"Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.