CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Piştaxtada bir qiymət, kassada başqa - Supermarketlər vətəndaşları belə aldadır

Sputnik
BAKI, 19 fevral — Sputnik. İri supermarketlərdə müştərilərin aldadılması halları davam edir. Marketlərin mütləq əksəriyyətində kassa qiymətləri məhsulun üzərində yazılmış qiymətlərdən kəskin fərqlənir. Bu isə müştərilərin haqlı narazılığına səbəb olur.
Alıcının şikayəti
Sputnik Azərbaycan-ın redaksiyasına daxil olan şikayət məktubuna görə, bu ilin fevral ayının 14-də Azərbaycan Supermarket MMC-yə məxsus Binəqədi rayonunda yerləşən “Bravo” marketdə istehlakçı Günel Almazova aldadılıb. O, vitrində qiyməti 1 manat 70 qəpik göstərilən spagettinin bir ədədinə 2 manat 69 manat ödəməli olub. Kassada qiymətin piştaxtadakı qiymətdən baha olduğunu deyən müştəriyə bildirilib ki, əsas qiymət kassada göstərilən qiymətdir. Beləcə müştəri iki spagettiyə 5 manat 38 qəpik ödəməli olub. Qeyd edək ki, bu, “Bravo” marketdə ilk qeydə alınan qanunsuzluq deyil. Bir müddət öncə jurnalist Emil Əliyarlıya kassada şəkər tozunun qiyməti başqa bahalı məhsulun adı altında vurulmuşdu. Azərbaycan Supermarket MMC ilə əlaqə saxlamaq cəhdlərimiz uğursuz oldu.
Ekspert rəyi
Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, bu, istehlakçıların kobud şəkildə aldadılmasıdır. Onun sözlərinə görə, piştaxtadakı qiymət kassadakı qiymətlə eyni olmalıdır. Həmsöhbətimiz deyib ki, marketlər əksər hallarda kartla ödənişdə müştəridən alınmayan malın pulu çıxıb: "Qabıqlı qozu alan müştəriyə kassada ləpənin qiymətini vurublar. Yaxud da kassada bir qiymət, piştaxtada başqa qiymət olur. İstehlakçının hüququ var ki, piştaxtada qeyd edilən məbləği ödəsin. AİB-in təxmini hesablamasına görə, müştərilər marketlərə bir ildə almadığı mal üçün 500 milyon manat ödəyiblər. İstehlakçı hüquqları kobud şəkildə pozulur. Bu halda vətəndaşlar İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Dövlət Xidmətinə şikayət etməlidirlər".
Rəsmi qurumun cavabı
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən isə sorğumuza cavabda bildirildi ki, "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikası Qanununa əsasən, satıcı (icraçı) istehlakçını maraqlandıran malın (işin, xidmətin) qiyməti barəsində istehlakçıya düzgün məlumat verməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03.04.2014-cü il tarixli 94 saylı Qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət Qaydaları"na əsasən satışda olan bütün malların üzərində malın adı, növü və qiyməti göstərilməklə, dəqiq tərtib edilmiş qiymət kağızı və onun doldurulma tarixi olmalıdır.
Məhsulun satış qiyməti məhz üzərində (piştaxta və ya vitrinlərdə) göstərilən qiymət olduğundan istehlakçılarla hesablaşmalar həmin qiymətə uyğun aparılmalıdır. Ödəniş edərkən istehlakçıdan məhsulun üzərində göstərilən qiymətdən fərqli qiymətlə ödənişin tələb edilməsi istehlakçıların hüquqlarının pozulması, yəni malın (xidmətin) hesabına dair istehlakçıların aldadılması hesab olunur.
Cərimə
Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 447.0.1-ci maddəsinə əsasən, mal satan və ya əhaliyə xidmət göstərən şəxslər tərəfindən malın (xidmətin) ölçüsünə, çəkisinə, hesabına, habelə istehlak xüsusiyyətinə və ya keyfiyyətinə dair istehlakçıların az miqdarda aldadılmasına görə fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan altı min manatadək məbləğdə cərimə edilir.
Qeyd olunan pozuntu halları ilə əlaqədar Dövlət Xidmətinə daxil olan istehlakçıların müraciətləri əsasında araşdırmalar aparılır və müraciətdə yetərli faktlar olduğu halda, qanunvericiliklə nəzərdə tutulmuş tədbirlər görülür.
Əlavə olaraq bildiririk ki, istehlakçılar malların üzərində göstərilən qiymətdən fərqli qiymətə satılması halları ilə rastlaşdıqda 195-1 Çağrı Mərkəzi, elektron poçt (office@competition.gov.az) və rəsmi internet səhifəsi (https://competition.gov.az/az/page/muraciet/erize-sikayet-teklif) vasitəsilə Dövlət Xidmətinə müraciət edə bilərlər.