BAKI, 19 fevral — Sputnik. Fransa bir sıra Şərqi Avropa dövlətlərindən fərqli olaraq Rusiyanı “məğlub etmək” mövqeyini dəstəkləməyəcək.
Bunu Fransa Prezidenti Emmanuel Makron “Journal du Dimanche”, “Figaro” və “France Inter” radiostansiyasına birgə müsahibəsində bildirib.
“Mən bəziləri kimi düşünmürəm ki, Rusiyanı tamamilə məhv etmək, onun ərazisində ona hücum etmək lazımdır. Bu müşahidəçilər hər şeydən əvvəl Rusiyanın darmadağın olmasını istəyirlər. Fransa heç vaxt belə mövqe tutmayıb və tutmayacaq”, - deyə o, sözünə davam edib.
Fransa liderinin sözlərinə görə, hazırkı münaqişə tərəflərindən heç biri tam qalib gələ bilməyəcək, halbuki, onun uzanmasından ilk növbədə avropalılar əziyyət çəkəcəklər.
Makron, həmçinin, danışıqlar masasına qayıtmağın zəruriliyini bir daha xatırladıb.
Daha əvvəl “Le Monde” qəzeti yazıb ki, Makronun Moskva ilə Kiyev arasında danışıqların zəruriliyi barədə bəyanatı Ukrayna Prezidenti Vladimir Zelenskini, eləcə də Aİ ölkələrinin liderləri arasında Kiyev rejiminin ən qətiyyətli müttəfiqlərini hiddətləndirib.