SƏHİYYƏ

Qripdən qorunmaq üçün bunları etmək kifayətdir - Mütəxəssislər nə deyir

Nazirlik rəsmisi bildirib ki, risk qruplarına aid olan şəxslərin – azyaşlıların, hamilələrin, yaşı 65-in üzərində olanların, yanaşı xəstəliyi olanların qrip əleyhinə peyvənd olunması tövsiyə edilir.
Sputnik
BAKI, 18 fevral — Sputnik. Sağlam həyat, stress faktorundan uzaq olmaq, təmiz havada gəzmək, D vitamini və B vitamin qrupunu qəbul etməklə qripdən uzaq olmaq olar. İnfeksionist Natiq Əliyev Sputnik Azərbaycan-a açıqlamasında qeyd edib ki, öncə immun sistemini möhkəmləndirmək üçün maye balansını təmin etmək lazımdır:

"Belə olan halda maddələr mübadiləsi yaxşı gedir, virusla mübarizə aparmaq mümkün olur. Əlavə olaraq qeyd edim ki, immuniteti qorumaq üçün stres faktorundan uzaq olmaq lazımdır. Çünki stres immun sistemini çökdürür və nəticədə zəifləyən immun sistemi də viruslarla mübarizə apara bilmir".

Mərkəzi Neftçilər Xəstəxanasının infeksionisti Natiq Əliyev
Həkim qidalanma rejiminə də diqqət etməyin vacibliyini bildirib. Xüsusən pəhriz saxlayanlara səslənərək həkim qeyd edib ki, pəhriz zamanı zülal, karbohidrat, yağ balansı mütləq şəkildə qorunmalıdır. D vitamini və B qrupu vitaminlərin qəbulunun vacibliyindən danışan mütəxəssis hər kəsi qrip əleyhinə vaksin olunmağa səsləyib.
İnfeksionist Mədinə Abdullayeva Sputnik Azərbaycan-a açıqlamasında qrip virusundan qorunmaq üçün tibbi yol olaraq peyvəndlənməni məsləhət görüb:

"Təbii yollarla virusdan qorunmaöa gəldikdə isə, əsasən C vitamini ilə zəngin qidalar qəbul etmək tövsiyə olunur. Bundan başqa göyərti və tərəvəzlər çox yemək, açıq havada daha çox zaman keçirtmək tövsiyə olunur. Qapalı yerlərdə isə maska taxaraq virusdan qorunmaq olar".

Nazirlik də əhalini peyvənd olunmağa çağırır
Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov bildirib ki, peyvənd olunan şəxslər müəyyən qədər qrip virusundan qorunmuş hesab olunurlar. Onlar qripə yoluxsalar belə, xəstəliyi yüngül keçirirlər.
Təyyar Eyvazov
Nazirlik rəsmisi onu da bildirib ki, ilk növbədə risk qruplarına aid olan şəxslərin – azyaşlıların, hamilələrin, yaşı 65-in üzərində olanların, yanaşı xəstəliyi olanların qrip əleyhinə peyvənd olunması tövsiyə edilir.
İmmun sisteminin yüksək olması və qripə yoluxma riskini azaltmaq üçün nə etmək olar, sualına cavab olaraq T.Eyvazov bildirib ki, sağlam həyat tərzi və düzgün qidalanmaya üstünlük verilməlidir:

"Vitaminlərin bol olduğu qidalar qəbul etmək vacibdir".

Xatırladaq ki, ötən ilin dekabrın 15-dən etibarən yanvar ayının sonlarınadək ölkə üzrə TƏBİB-in tabeliyindəki tibb müəssisələrində 20 701 nəfər qrip xəstəliyinə qarşı vaksin olunub. Bakı şəhəri üzrə bu rəqəm 4 862 nəfər təşkil edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.