BAKI, 18 fevral - Sputnik. Müdafiə nazirinin müvafiq qərarı ilə təsdiq edilmiş nazirliyin Kommunikasiya Strategiyası çərçivəsində hərbi qulluqçuların xidməti-döyüş fəaliyyəti və hərbi vətənpərvərlik mövzularını işıqlandıran bir qrup media nümayəndəsi ilə görüş keçirilib.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Məlumata əsasəb, Şəxsi Heyət Baş İdarəsinin nümayəndələri ilə keçirilən görüşdə müasir dövrdə hərbi xidmətin təbliği, gənclərin hərbi mövzuda maarifləndirilməsi və vətənpərvər ruhda tərbiyə edilməsində medianın rolu ilə bağlı geniş fikir mübadiləsi aparılıb.
Görüş zamanı media subyektləri ilə işin daha səmərəli təşkili, hərbi vətənpərvərliyin təbliğatında yeni forma və metodların tətbiqi, qarşılıqlı əməkdaşlığın inkişaf perspektivləri, eləcə də 2023-cü ildə birgə fəaliyyət planı barədə müzakirələr edilib.
Görüşdə həmçinin media subyektlərindən daxil olan müraciətlərin icra mexanizmi, hərbi və dövlət sirlərinin qorunması və digər mövzularda brifinqlər təqdim olunub.
Bu gün həmçinin Xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul qaydaları haqqında təbliğat və izahedici məlumatların çatdırılması məqsədilə Müdafiə Nazirliyində yaradılan təşviqat qrupunun respublikanın ümumtəhsil orta məktəblərinin hərbi hazırlıq müəllimləri ilə də görüşü keçirilib.
Bu barədə nazirlikdən məlumat verilib.
Görüşdə Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində keçirilən görüşdə gənclərdə zabit peşəsinə marağın aşılanması, o cümlədən hərbi vətənpərvərlik işinin orta təhsil müəssisələrində daha səmərəli təşkilinə dair ətraflı fikir mübadiləsi aparılıb, hərbi rəhbərlərin təklifləri qeydə alınıb.
Müdafiə Nazirliyinin zabitləri Heydər Əliyev adına Hərbi İnstitut, Azərbaycan Tibb Universitetinin Hərbi Tibb Fakültəsi, eləcə də hərbi liseylərə qəbul qaydaları haqqında ətraflı məlumat verərək hərbi təhsil müəssisələrinin təminatından, sosial-məişət şəraitindən danışıb, eləcə də qəbulla bağlı sualları cavablandırıblar.
Görüşdə, həmçinin hərbi məktəblər haqqında videoçarxlar və hərbi vətənpərvərliyə dair filmlər nümayiş etdirilib.