HADİSƏ

Azərbaycanın Türkiyəyə göndərdiyi humanitar yardımın həcmi açıqlanıb

Təcili tibbi yardım, yanğınsöndürən, AFAD və rəsmi axtarış-xilasetmə maşınları pulsuz yanacaqla təmin edilib.
Sputnik
BAKI, 18 fevral - Sputnik. Türkiyədə baş vermiş dəhşətli zəlzələ ilə əlaqədar Azərbaycanın 17 fevral tarixinədək Türkiyəyə göndərdiyi humanitar yardım açıqlanıb.
Bu barədə Xarici İşlər Nazirliyinin sosial media hesabında qeyd edilib.
Qeyd edilib ki, humanitar yardım Türkiyəyə 15 təyyarə və 350 yük avtomobili vasitəsilə çatdırılıb.
Humanitar yardım 867 xilasetmə və tibbi personal, 2 ədəd mobil səhra hospitalı, 4873 çadır, 4 səhra mətbəxi, 861 generator, 221 512 ədəd zəruri ləvazimat və məhsul, 302 034 isti geyim, 693 756 dərman və tibbi ləvazimat, 12 505 qızdırıcı və texniki avadanlıq, 21 367 000 AZN daxildir.
Təcili tibbi yardım, yanğınsöndürən, AFAD və rəsmi axtarış-xilasetmə maşınları pulsuz yanacaqla təmin edilib.
"Fiziki şəxslər və ayrı-ayrı şirkətlər tərəfindən göndərilən yardımlar əks olunmayıb", - məlumatda vurğulanır.
Qeyd edək ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonunda olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub.
Güclü yeraltı təkanlardan sonra bölgədə 6,6 maqnitudayadək 4000-ə yaxın afterşok qeydə alınıb. İki zəlzələ həmçinin Livan, Kipr, İraq, İsrail, İordaniya, İran və Misirdə hiss edilib.
Təbii fəlakət Türkiyə və Suriyada böyük dağıntı və onminlərlə itkiyə səbəb olub. Son məlumatlara görə, zəlzələ nəticəsində Türkiyədə 36 187 nəfər dünyasını dəyişib, 108 068 nəfər yaralanıb.
Türkiyənin zəlzələ baş verən 10 şəhərində 3 aylıq fövqəladə vəziyyət elan olunub.
Bu hadisə Türkiyədə 1939-cu ildən bəri qeydə alınan ən güclü zəlzələ kimi tarixə düşüb.
Zəlzələdən dərhal sonra Azərbaycanda qardaş ölkə üçün yardım toplanmasına başlanılıb.