MƏDƏNİYYƏT

Sankt-Peterburq Mariinski Teatrının ulduzları Bakıya gələcək

Çaykovskinin "Qu gölü"nün builki tamaşası əvvəlkilərə bənzəməyəcək. Bu dəfə Opera və Balet Teatrının rəhbərliyi Sankt-Peterburqun Mariinski Teatrının ulduzlarını Bakıya dəvət edib.
Sputnik
BAKI, 17 fevral — Sputnik. Martın 8-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında P.Çaykovskinin "Qu gölü" baletinin tamaşası nümayiş olunacaq. Teatr hər il 8 Mart – Beynəlxalq Qadınlar Günü bu tamaşanı bayram hədiyyəsi kimi təqdim edir.
Opera və Balet Teatrından verilən xəbərə görə, "Qu gölü"nün builki tamaşası əvvəlkilərə bənzəməyəcək. Bu dəfə Opera və Balet Teatrının rəhbərliyi Sankt-Peterburqun Mariinski Teatrının ulduzlarını Bakıya dəvət edib.
Həmin gün tamaşada prima balerina Nadejda Batoyeva (Odetta-Odilliya) və Filip Styopin (Şahzadə Ziqfrid) çıxış edəcəklər.
Mariinski Teatrının ulduzları ilə yanaşı, yerli balet truppasının aparıcı solistləri – Əməkdar artistlər Samir Səmədov, Makar Ferştandt, Anar Mikayılov, Elmira Süleymanova, həmçinin Ayan Eyvazova, Timur Oduşev, Seymur Hadıyev, Samirə Məmmədova, Kamran Qurbanov və başqaları da səhnədə olacaqlar.
Tamaşanı Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş dirijoru və musiqi rəhbəri, Əməkdar artist Əyyub Quliyev idarə edəcək.