PAYTAXT XƏBƏRLƏRİ

Polis tapança satmaq istəyən şəxsi saxladı

Saxlanılan şəxs odlu silahı bir neçə ay əvvəl əldə etdiyini, lakin polisə təhvil verməyərək satmaq məqsədilə özündə saxladığını bildirib.
Sputnik
BAKI, 17 fevral — Sputnik. Bakıda tapança satmaq istəyən şəxs saxlanılıb. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri tədbir nəticəsində üzərində qanunsuz olaraq odlu silah-sursat gəzdirən Vüsal Əzimov saxlanılıb. Onun üzərinə baxış zamanı 1 ədəd "Naqan" markalı tapança və 3 ədəd patron aşkar edilərək götürülüb.
Vüsal Əzimov odlu silahı bir neçə ay əvvəl əldə etdiyini, lakin polisə təhvil verməyərək satmaq məqsədilə özündə saxladığını bildirib. Eyni zamanda digər əməliyyat zamanı Bakıxanov qəsəbəsində yerləşən marketlərdən birindən pul, mobil telefon və tütün məmulatları oğurlayan İlham Hümbətov da saxlanılıb. Araşdırmalar zamanı onun Bakıxanov qəsəbəsində daha bir neçə obyektdən oğurluq etdiyi müəyyən edilib.
"Materiallar Sabunçu Rayon Polis İdarəsinin İstintaq şöbəsinə göndərilib, arşadırmalar davam etdirilir. Bu şəxslərin qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, ərazi polis orqanlarına, DİN-in "102" Zəng Mərkəzinə və sosial şəbəkələrdəki rəsmi səhifələrinə məlumat verə bilərlər", - məlumatda qeyd olunub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.