CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Jurnalistlərin peşəkar fəaliyyətinə qanunsuz müdaxilə edənlər cəzalandırılacaq - DETALLAR

İnzibati Xətalar Məcəlləsindəki dəyişikliklərə görə, media azadlığından və jurnalist hüququndan sui-istifadə etmə sahəsində yeni məsuliyyət müəyyənləşir.
Sputnik
BAKI, 17 fevral-Sputnik. Milli Məclisdə İnzibati Xətalar Məcəlləsində dəyişikliklər müzakirəyə çıxarılıb. Dəyişiklərə əsasən, qanuni qüvvəyə minmiş məhkəmə qərarı olmadan şəxsin təqsirli olması barədə məlumatların dərc edilməsinə (yayımlanmasına) görə yeni cərimə müəyyənləşir.
Layihəyə əsasən, qanuni qüvvəyə minmiş məhkəmə qərarı olmadan şəxsin təqsirli olması barədə məlumatların dərc edilməsinə (yayımlanmasına) görə vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min beş yüz manatdan üç min beş yüz manatadək məbləğdə cərimə ediləcəklər.
Digər bir dəyişikliklə media subyektləri tərəfindən təkzib, cavab və düzəliş verilməsi qaydalarının pozulmasına görə cərimə müəyyənləşir. Layihəyə əsasən, media subyektləri tərəfindən təkzib, cavab və düzəliş verilməsinin “Media haqqında” qanunla müəyyən edilmiş qaydaların pozulmasına görə vəzifəli şəxslər üç yüz manatdan altı yüz manatadək, hüquqi şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə ediləcək.
Jurnalistlərin peşəkar fəaliyyətinə qanunsuz müdaxilə edənlər 600 manatadək cərimələnəcək
Digər bir dəyişikliklə "Media haqqında" qanunvericiliyin pozulmasına görə cərimələr artırılır.
Dəyişikliyə əsasən, media məhsullarının qanunla müəyyən edilmiş qaydada yayımına mane olmağa görə fiziki şəxslər iki yüz manatdan üç yüz manatadək məbləğdə cərimə ediləcəklər. Mövcud Məcəlləyə əsasən, kütləvi informasiya vasitələri məhsullarının qanunla müəyyən edilmiş qaydada yayılmasına mane olmağa və ya dövri mətbu nəşrin tirajının pərakəndə satışına qanunla nəzərdə tutulmayan məhdudiyyətlər qoyulmasına görə fiziki şəxslər yüz manatdan yüz əlli manatadək məbləğdə cərimələnir.
Eyni zamanda, layihəyə əsasən, jurnalistlərin peşəkar fəaliyyətinə qanunsuz müdaxilə edilməsinə görə üç yüz manatdan altı yüz manatadək məbləğdə cərimə müəyyənləşir.
Həmçinin Məcəlləyə təklif edilən digər dəyişikliklə qanunla müəyyən edilmiş müddətdə onların sorğusuna cavab verilməməsinə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə tətbiq edilməsi təklif edilir. Hazırda qanunla müəyyən edilmiş müddətdə jurnalist sorğusuna cavab verməməyə görə iki yüz manatdan üç yüz manatadək məbləğdə cərimə tətbiq olunur.
Mənbəyini qanun yol verməyən hallarda açıqlayan jurnalist və media subyekti cərimələnəcək
Media azadlığından və jurnalist hüququndan sui-istifadə etmə sahəsində yeni məsuliyyət müəyyənləşir.
Dəyişikliyə əsasən, media subyektinin redaksiyası (məsul redaktoru) və jurnalistlər tərəfindən informasiya mənbəyini qanunla yol verilməyən hallarda açıqlamağa görə fiziki şəxslər iki yüz manatdan üç yüz manatadək məbləğdə, vəzifəli şəxslər beş yüz manatdan yeddi yüz manatadək, hüquqi şəxslər iki min manatdan üç min manatadək məbləğdə cərimələnəcəklər.
Qüvvədə olan Məcəllədə bu məsuliyyət növü nəzərdə tutulmayıb.
Layihə səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.
Xatırladaq ki, Medianın İnkişafı Agentliyi İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişikliklərlə bağlı bildirib ki, İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişikliklər jurnalist fəaliyyətini məhdudlaşdırmır, əksinə bu vaxta kimi media etikasında əksini tapmış fundamental prinsiplərin qanun müstəvisində təsbit olunmasına xidmət edir.
Qeyd edilib ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarı olmadan şəxsin təqsirli olması barədə məlumatların dərc edilməsinə (yayımlanmasına) görə üç min beş yüz manatadək cərimə tətbiq edilməsi cərimənin maksimum həddidir və jurnalistə qarşı yönəlməyib. Bu hal baş verdikdə layihəyə əsasən, yalnız vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min beş yüz manatdan üç min beş yüz manatadək məbləğdə cərimə ediləcəklər:

"Jurnalistlərin peşəkar fəaliyyətinə qanunsuz müdaxiləyə, jurnalistin sorğusuna cavab verilməməsinə görə, habelə medianın informasiya qaynağının qorunması ilə bağlı dəyişikliklərdə əksini tapmış yanaşma media etikası ilə səsləşən, jurnalist peşəkarlığının artırılmasına təsir göstərən, eyni zamanda bu istiqamətdə dövlətin məsuliyyətini artırmağa yönəlmiş müddəadır. Bununla yanaşı, göstərilən pozuntuya yol vermiş şəxslərə münasibətdə Cinayət Məcəlləsinin 163-cü maddəsi tətbiq edilir. Həmin maddəyə əsasən jurnalistlərin qanuni peşə fəaliyyətinə mane olma, yəni zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə onları məlumat yaymağa və ya məlumat yaymaqdan imtinaya vadar etmə beş yüz manatdan min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri ilə cəzalandırılır".

"Eyni əməllər vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə iki ilədək müddətə islah işləri ilə və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Göründüyü kimi heç də iddia olunduğu kimi jurnalist fəaliyyətinin əhəmiyyəti azaldılmır, əksinə heç bir peşə fəaliyyəti üçün təmin olunmayan hüquqi mexanizm jurnalistlərinin maneəsiz fəaliyyəti üçün təmin edilir, bu istiqamətdə qanunpozuntusuna yol verən şəxslərə münasibətdə nəinki inzibati, həmçinin cinayət məsuliyyəti nəzərdə tutulur" - açıqlamada qeyd edilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.