MƏDƏNİYYƏT

Heykəltaraşların nəzərinə: Mədəniyyət Nazirliyi müsabiqə elan edir

Müsabiqə bu gündən etibarən aprelin 17-dək keçiriləcək. Müsabiqənin qalibi barədə məlumatlar əsas mərhələ başa çatdıqdan 15 gün sonra - mayın 15-də Mədəniyyət Nazirliyinin rəsmi saytında (culture.gov.az) yayımlanacaq.
Sputnik
BAKI, 17 fevral — Sputnik. Mədəniyyət Nazirliyi görkəmli Azərbaycan memarları Mikayıl Useynovun və Sadıq Dadaşovun xatirələrinin əbədiləşdirilməsi məqsədilə Bakı şəhərində ucaldılacaq abidənin eskiz layihələrinin hazırlanması üçün heykəltaraşlar arasında açıq müsabiqə elan edir.
Nazirlikdən bildirilib ki, müsabiqə fevralın 17-dən aprelin 17-dək keçiriləcək.
Eskiz layihələr Mədəniyyət Nazirliyinin "Heykəltaraşlıq abidələrinin, xatirə-memorial və memarlıq komplekslərinin ucaldılması və demontajı üzrə Ekspert komissiyası"nın üzvləri tərəfindən qiymətləndiriləcək. Layihələrin müzakirəsi qapalı şəraitdə keçiriləcək.
Müsabiqənin qalibi barədə məlumatlar əsas mərhələ başa çatdıqdan 15 gün sonra - mayın 15-də Mədəniyyət Nazirliyinin rəsmi saytında (culture.gov.az) yayımlanacaq. İkinci və üçüncü yeri tutan müəlliflərə müvafiq olaraq 2000 manat və 1000 manat məbləğində pul mükafatı təqdim ediləcək.
Qeyd edək ki, müsabiqə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 8 oktyabr 2022-ci il tarixli "Mikayıl Useynovun və Sadıq Dadaşovun birgə abidəsinin ucaldılması haqqında" Sərəncamının icrasını təmin etmək məqsədilə həyata keçirilir.
Məlumat üçün bildirək ki, Mikayıl Useynov 1930–1959-cu illərdə memar, sonradan isə "Azərdövlətmemarlayihə"də (indiki "Azərdövlətlayihə" DBLİ) 1-ci memarlıq emalatxanasının rəhbəri olub, 1960–1990 illərdə məsləhətçi (konsultant) işləyib. 1947–1992-ci illərdə Azərbaycan Memarlar İttifaqının sədri olub. 1945-ci ildə Azərbaycan SSR EA-nın fizika — texniki elmlər və neft bölməsi üzrə həqiqi üzvü (akademik) olub. İlk memarlıq və nəzəri əsərlərini 1946-cı ilədək Sadıq Dadaşovla birgə yaradıb. 1948–1988-ci illərdə Azərbaycan SSR EA Memarlıq və İncəsənət İnstitutunun direktoru işləyib. 1982-ci ildə Bakı şəhərinin fəxri vətəndaşı seçilib. 1992-ci ildə Beynəlxalq Memarlıq Akademiyasının Moskva şöbəsinə fəxri üzv seçilib. Eyni ildə M.Useynovun təşəbbüsü ilə Şərq ölkələri Beynəlxalq Memarlıq Akademiyası yaradılıb və o, ilk prezident olub.
Sadıq Dadaşov isə 1944-cü ildə Azərbaycan SSR Xalq Komissarları Soveti yanında Memarlıq İşləri İdarəsinin ilk rəisi olub. O, 1929-1933 illərdə 23 tikilinin layihəsini verib. Bunlara Bakıdakı fabrik-mətbəx (Bayılda), Azərbaycan Sənaye İnstitutunun yeni binası (indiki Azərbaycan Dövlət Neft Akademiyası; hər ikisi 1932), İncəsənət işçiləri üçün ev, bir sıra yaşayış binaları kompleksi, Qazaxdakı Pedaqoji Texnikumun binası (hamısı 1933) aiddir.