NEFT-QAZ
Neft, qaz, bütövlükdə energetika sahəsinə aid xəbərlər və məqalələr

Gələn həftədən Ceyhan terminalı ilə əməliyyatlar tam bərpa olunacaq - BP

Şirkətin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti qeyd edib ki, yoxlama nəticəsində boru kəmərlərinə və nasos stansiyalarına ciddi ziyan dəymədiyi aşkarlanıb. Buna görə də boru kəməri ilə neftin ixracı dayandırılmayıb.
Sputnik
BAKI, 17 fevral — Sputnik. BP şirkəti SOCAR"Boğaz International Limited" ilə birgə Türkiyədə baş verən dağıdıcı zəlzələdən sonra Bakı-Tbilisi-Ceyhan (BTC) boru neft kəmərində və onun obyektlərində yoxlama keçirib.
Bu sözləri BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz bu gün şirkətin 2022-ci ilin yekunları ilə bağlı keçirdiyi brifinqdə bildirib.
O qeyd edib ki, yoxlama nəticəsində boru kəmərlərinə və nasos stansiyalarına ciddi ziyan dəymədiyi aşkarlanıb. Buna görə də boru kəməri ilə neftin ixracı dayandırılmayıb. Gələn həftədən isə Ceyhan terminalı ilə əməliyyatlar tam bərpa olunacaq.
Qəri Counz həmçinin əlavə edib ki, Türkiyədə baş verən zəlzələyə 5 milyon ABŞ dolları yardım ayrılıb. BP bundan əlavə, Türkiyəyə yanacaq göndərməklə də dəstək olub.
Qeyd edək ki, fevralın 12-də "BP Azerbaijan"dan bildirilib ki, Bakı-Tbilisi-Ceyhan boru kəmərindən Ceyhan terminalında neftin tankerlərə yüklənməsi bərpa edilib.
Fevralın 6-da Türkiyədə baş vermiş zəlzələ ilə əlaqədar BTC boru kəmərinin Türkiyədəki operatoru tərəfindən Ceyhan terminalında tankerlərin yüklənməsi əməliyyatları müvəqqəti olaraq dayandırılmışdı.
Xatırladaq ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonunda olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub.
Güclü yeraltı təkanlardan sonra bölgədə 6,6 maqnitudayadək 4000-ə yaxın afterşok qeydə alınıb. İki zəlzələ həmçinin Livan, Kipr, İraq, İsrail, İordaniya, İran və Misirdə hiss edilib.
Təbii fəlakət Türkiyə və Suriyada böyük dağıntı və onminlərlə itkiyə səbəb olub. Son məlumatlara görə, zəlzələ nəticəsində Türkiyədə 36187 nəfər dünyasını dəyişib, 108068 nəfər yaralanıb.
Türkiyənin zəlzələ baş verən 10 şəhərində 3 aylıq fövqəladə vəziyyət elan olunub.
Bu hadisə Türkiyədə 1939-cu ildən bəri qeydə alınan ən güclü zəlzələ kimi tarixə düşüb.
Zəlzələdən dərhal sonra Azərbaycanda qardaş ölkə üçün yardım toplanmasına başlanılıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.