BAKI, 17 fevral — Sputnik. Milli Məclisin Regional məsələlər komitəsinin dünənki iclasında deputat Tahir Rzayev bildirib ki, 1600-dən çox bələdiyyənin bir uşaq bağçası belə yoxdur. O deyib ki, bələdiyyələrdən ikisi-üçü birləşib uşaq bağçası aça bilər.
"Bu gün bağçalara böyük ehtiyac var", - deyə millət vəkili bildirib.
Bəs görəsən, bələdiyyələrə uşaq bağçası açmağa mane olan səbəb nədir? Elə bu sualla ilk nöbvədə bələdiyyələrin özünə müraciət etdik.
Maliyyə və boş torpaq yoxdur!
Binəqədi qəsəbə bələdiyyəsinin sədri Mətanət Nəsibova Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, bələdiyyələrin uşaq bağçası açmaq üçün maliyyəsi yoxdur. O qeyd edib ki, bunun üçün boş torpaq sahəsi də olmalıdır. M.Nəsibova hələ də bələdiyyələrə boş torpaq sahələrinin xəritəsinin verilmədiyini bildirib. Deyib ki, Binəqədi qəsəbəsində bir dövlət bağçası var. Özəl bağçalar isə bir neçə ədəddir. O, Binəqədi qəsəbə ərazisinin bir hissəsinin "Binəqədi Oil"un ərazisinə düşdüyünü, bələdiyyələrə hələ ki, neft çıxartmaq üçün yararsız torpaqların verilmədiyini söyləyib.
Bələdiyyələri dövlət maliyyələşdirməsə…
"Bələdiyyələrin fəaliyyətinin təbliği" İctimai Birliyin sədri Vüqar Tofiqli isə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, deputatın bu təşəbbüsünü dəstəkləyir. O bildirib ki, qanunvericilik də bələdiyyələrə uşaq bağçası, məktəb yaradılması üçün məhdudiyyət qoymur. Amma deputat bildirib ki, bu gün 1606 bələdiyyənin uşaq bağçasının olmaması təəssüf doğuran haldır. O, bələdiyyələrin poliklinika, idman klubu olmamasının da narahatedici amil olduğunu söyləyib: "Amma biz əgər istəyiriksə, bələdiyyənin uşaq bağçası, məktəbi olsun, bu zaman biz bələdiyyələrə bu prosesdə dəstək olmalıyıq. Bunun üçün həm təşəbbüs göstərməli, həmçinin də vergiləri vaxtı-vaxtında ödəməliyik".
Bələdiyyələrin büdcəsi 50 milyon manata çatmır
V.Tofiqli onu da bildirib ki, 1606 bələdiyyənin ötən il illik büdcəsi 45 milyon manat ətrafında olub: "Bu rəqəm heç 50 milyon manata çatmır. Bunun 5 milyon manatı dövlət tərəfindən ayrılmış dotasiyalardır. 200-dən artıq bələdiyyənin gəliri ancaq büdcədən ayrılmış dotasiyadan formalaşır. Bununla yanaşı, bələdiyyələrin 7 milyon manata yaxın DSMF-ə borcu yaranıb. Bələdiyyələrə verilən səlahiyyətlər alındığından, eləcə də bələdiyyələrin özündə də nöqsanlar olduğundan, onların fəaliyyəti ciddi problemlə üz-üzədir. Bu gün 1606 bələdiyyədən cəmi beşinin gəliri 1 milyon manat olub. Biz əgər bütün bələdiyyələrin bağça və digər müəssisələrinin olması üçün bələdiyyələrin qarşılaşdığı problemləri aradan qaldırmalıyıq. Bələdiyyənin uşaq bağçasının olması üçün onun boş torpaq sahəsi olmalıdır. Əmlakın, torpağın olmaması səbəbindən bələdiyyələr uşaq bağçası inşa edə bilmirlər".