BAKI, 16 fevral — Sputnik. Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan hökumətin iclasında Türkiyəyə səfərinin və türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə danışıqlarının bəzi nəticələrini təqdim edib. Erməni diplomatiyasının rəhbəri Ankaraya səfər edib, daha sonra zəlzələdən zərər çəkən Adıyamana gedib.
Nazirin qeyd edib ki, məlum səbəblərdən səfər ətrafında əsas müzakirələr zəlzələ və Ermənistanın humanitar yardımı mövzusunda olub.
"Bildirməliyəm ki, Türkiyə tərəfi həm mərkəzi hökumət, həm yerli qqurumlar, həm də əhali səviyyəsində erməni xilasedicilərin işi və humanitar yardımın göstərilməsi barədə çox müsbət danışıb", - Mirzoyan bildirib.
XİN başçısı qeyd edib ki, nümayəndə heyətinə yerli sakinlərin isti münasibətindən danışan xilasedicilərlə də söhbət edib.
"Hesab edirəm ki, bu, bizim tərəfimizdən mühüm humanitar addım idi. Təbii ki, biz ikitərəfli münasibətlərin bəzi məsələlərini də müzakirə etdik, konkret razılıqlar əldə olundu. Dialoqun və sərhədlərin yekun açılması prosesinin sürətləndirilməsi ilə bağlı qərar qəbul edildi". nazir bildirib.
Səfər zamanı tərəflərin Arpaçay çayı üzərindən iki ölkənin sərhədində yerləşən "Ani körpüsü"nü bərpa edəcəyi də bildirilib. Mirzoyan, həmçinin üçüncü ölkə vətəndaşlarının Ermənistan-Türkiyə sərhədi boyunca maneəsiz gediş-gəlişin yaradılmasına dair razılaşmanı da xatırladıb. Turizm mövsümü başlayana qədər bu problemin həlli planlaşdırılır.