BAKI, 16 fevral — Sputnik. Belarus Prezidenti Aleksandr Lukaşenko Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Co Baydenin Belarusda birgə görüşünü keçirməyə hazır olduğunu bildirib.
Bu barədə "BelTA" məlumat yayıb.
"Biz üçümüz burada (Belarus- red.) görüşə bilərik. Müharibənin bitməsi naminə niyə də olmasın? Əgər Bayden müharibəni bitirmək istəyirsə, biz onu qəbul edəcəyik, Polşadan bura yaxındır, mən təyyarə göndərə bilərəm. Belarusda beynəlxalq hava limanları var və Baydeni gətirəcək bir nömrəli reys burada eniş edə bilər", - o deyib.
Lukaşenko həmçinin ABŞ-ın sabiq Prezidenti Bill Klintonun Belarusa səfərini xatırladıb: "Klinton da eyni qaydada ölkəmizə gəlmişdi. Bayden gəlsə, biz üçümüz oturub bütün problemləri həll edəcəyik. Mən sizə zəmanət verirəm ki, Vladimir Putin də bura gələcək və bütün problemlər burada həll olunacaq", - o deyib.