BAKI, 16 fevral — Sputnik. Azərbaycanda ölkə ərazisinin seysmik rayonlaşdırma xəritəsi hazırlanacaq. Bu barədə Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin iclasında qərar qəbul olunub. Bundan başqa Respublika Seysmoloji Xidmət Mərkəzinin maddi-texniki bazasının və proqram təminatının yenilənməsi üzrə qərarlar qəbul edilib.
Sputnik Azərbaycan seysmik rayonlaşdırma xəritəsinin əhəmiyyətini, bu xəritənin hazırlanmasına nə vaxtdan başlanılacağını araşdırıb.
Ümumi seysmik rayonlaşdırma xəritəmiz köhnəlib
AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, 1978-ci ildə ümumi seysmik rayonlaşdırma xəritəsi olub. Onun sözlərinə görə, 2013-cü ildə Azərbaycanın seysmik rayonlaşdırma xəritəsinin tərtib edilməsi ilə bağlı Nazirlər Kabinetinə müraciət olunub. Bu proses uzun çəkdiyindən başa çatmayıb.
Bu xəritənin hazırlanması hansı əhəmiyyət kəsb edir?
Q. Yetirmişli bildirib ki, seysmik xəritənin hazırlanması ərazilərin neçə ballıq zəlzələyə davamlı olmasını, ümumi fon səviyyəsini müəyyən etməyə imkan verir. Q. Yetirmişli bu xəritənin hazırlanması üçün respublika üzrə tədqiqatlar aparılmalı olduğunu söyləyib:
"Yenidən ekspedisiyalar təşkil olunmalı, müəyyən suxurlara cihazlar quraşdırılmalıdır. Həmçinin əlavə cihazlar da alınmalıdır. Hazırda biz bu istiqamətdə hazırlıq işləri aparırıq ki, Nazirlər Kabinetinə təqdim edək".
Q. Yetirmişli aidiyyatı üzrə digər qurumların da bu işlərə cəlb olunacağını söyləyib.
Onun sözlərinə görə, əvvəl hazırlanmış xəritəyə görə, Şamaxı-İsmayıllı 9, digər bölgələr isə 8 ballıq qiymətləndirilib.
"Amma biz yenidən araşdırma apararaq təkmilləşdirməliyik. Bunun üçün müasir cihazlar alınmalıdır"deyə Q.Yetirmişli əlavə edib.
Hər rayonla yanaşı, hər yaşayış massivi ilə bağlı ayrı xəritə hazırlanmalıdır
Mərkəz rəhbəri onu da bildirib ki, seysmik rayonlaşdırma xəritəsində hər qəsəbə, yaşayış massivi üzrə zəlzələ fonu öz əksini tapmayacaq. Onun sözlərinə görə, bunu müəyyən etmək üçün tədqiqat aparıb dəqiqləşdirmək lazımdır: "Hər bir rayon üzrə ayrıca tədqiqat aparmaqla yanaşı, detallı qiymətləndirmə də aparıla bilər. Detallı qiymətləndirmə, seysmik xəritədə öz əksini tapmayacaq. Bunun üçün ayrıca tədqiqatlar aparılmalıdır. Seysmik rayonlaşdırma xəritəsi zonalara ayırır. Zonalardan sonra ayrıca detallı şəkildə zəlzələ fonu öyrənilə bilər".
Həmsöhbətimiz bildirib ki, seysmik rayonlaşdırma xəritəsini yeniləmək vacibdir.
"Respublikanın ayrı-ayrı bölgələrinin hansı seysmik ballıq olduğunu müəyyən etmək üçün belə bir xəritəyə ehtiyac var. Bunun üçün ən azı dörd il vaxt lazımdır", - deyə Məkrəz rəhbəri bildirib.
Q.Yetirmişli onu da söyləyib ki, Azərbaycanda 2000-ci ildə baş verən zəlzələdən sonra 14 komplekt ən müasir avadanlıqlar alınıb:
"İndi onların sayı 35-dir. Hazırda təkcə seysmik stansiyaların sayı 84-dür. Bundan başqa GPS–lərimiz var. Yer elmləri sahəsində bütün tədqiqatların aparılması üçün hər bir avadanlığımız var ki, bunlar da yer daxilində gedən bütün prosesləri izləməyə, onların dərinliyini araşdırmağa imkan verir. Aktivliyin getdiyi xəritələri qururuq. Yerin daxilində olan blokların hərəkətləri, istiqaməti, sürətini öyrənmək üçün bütün imkanlar mövcuddur. Eyni zamanda, xarici ölkələrin seysmoloji mərkəzləri, dünyanın ən qabaqcıl universitetləri ilə əməkdaşlıq edir, bu sahədə təcrübələrimizi zənginləşdiririk".
Seysmik xəritədə hər rayon üzrə bal göstəriciləri göstəriləcək
Memar Cahid Həsənov da Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, yeni seysmik rayonlaşdırma xəritəsinin çox vacibdir. Onun sözlərinə görə, bu zəlzələ riski yüksək olan ərazilərdə hündürmərtəbəli binaların, yaşayış massivlərin salınmasının qarşısını alacaq: "Seysmik xəritə imkan verəcək ki, ərazidə tikintilərə qarşı konkret bal tələbi qoyulsun. Bu insanlarda narahatlığa da son qoyacaq. İnsanlar artıq ev aldıqları ərazinin seysmik fonunu öyrənə biləcəklər. Bu sahibkarlara da yatırımı hansı əraziyə qoyduğu barədə əvvəldən məlumat almaq imkanı verəcək. Buna görə sahibkar məsuliyyətli davranacaq. Binanın konstruksiyasını daha yaxşı quraşdıracaq".
C. Həsənovun sözlərinə görə, sovet dövründə hər rayonun seysmik xəritəsi olub. Həmin xəritə müstəqillik dövründən əvvəl hazırlandığından, yeni xəritənin hazırlanması zəruridir.
Qeyd edək ki, bu gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinin növbəti iclası keçirilib. İclasda çıxış edən AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli bildirib ki, ölkəmizdə "Seysmologiya" ixtisası üzrə yüksəkixtisaslı kadr hazırlığı işinə diqqət daha da gücləndirilməlidir və bu istiqamətdə doktorantura təhsilinin yaradılmasına da ehtiyac var. Müzakirələrdən sonra Rəyasət Heyəti tərəfindən kompleks seysmoloji-geofiziki-geodinamik tədqiqatların daha da genişləndirilməsi və keyfiyyətinin yüksəldilməsi məqsədi ilə respublika ərazisinin seysmik rayonlaşdırma xəritəsinin hazırlanması, mərkəzin maddi-texniki bazasının və proqram təminatının yenilənməsi və s. haqqında qərarlar qəbul edilib.