BAKI, 15 fevral — Sputnik. Yaxın Şərq krallığı həm ölkənin resurslara əsaslanan iqtisadiyyatının şaxələndirilməsinə, həm də onun mühafizəkar imicinin yenilənməsinə yönəlmiş kosmik proqram hazırlamağa davam edir. Bu istiqamətdə aparılan islahatlar qadınların hüquqlarına da təsir edir.
Səudiyyə Ərəbistanı öz tarixində ilk dəfə olaraq qadın astronavtı kosmosa göndərəcək.
"Phys.org"un məlumatına görə, həmin qadın 2023-cü ilin ikinci rübünə planlaşdırılan "AX-2" beynəlxalq missiyasının ekipajına qoşulacaq 33 yaşlı Rayana Barnavi olacaq.
"AX-2"nin üzvləri Beynəlxalq Kosmik Stansiyaya yola düşəcəklər. Buraxılış ABŞ-dan baş tutacaq. BKS-nin göyərtəsində Rayana Barnavi orbitə uçuşu fevralın sonunda baş tutacaq həmyerlisi Sultan əl-Neyadiyə qoşulacaq. Sultan əl-Neyadinin altı ay kosmosda qalan ilk Səudiyyə astronavtı olacağı nəzərdə tutulub.
Rayana Barnavi Yeni Zelandiyanın Otaqo Universitetini bitirib və Səudiyyə Ərəbistanının Əlfeysəl Universitetində Biotibbi Elmlər üzrə magistr dərəcəsi alıb. O, xərçəng və kök hüceyrələrin öyrənilməsi üzrə ixtisaslaşıb.
İlk qadının kosmosa göndərilməsi Səudiyyə Ərəbistanının ultra-mühafizəkar nizamlardan uzaqlaşmaq və cəmiyyətdə bərabərlik səviyyəsini artırmaq siyasətində növbəti addım olacaq. 2017-ci ildə krallıq ilk dəfə olaraq qadınlara kişi qəyyumun müşayiəti olmadan avtomobil sürmək və xaricə səyahət etmək icazəsi verib. Səudiyyə Ərəbistanında son altı ildə işləyən qadınların xüsusi çəkisi iki dəfədən çox artaraq 17 faizdən 37 faizə yüksəlib.