DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Ermənistanla quru yollarının açılması məsələsi gündəmdədir - Çavuşoğlu

Türkiyə xarici işlər naziri bildirib ki, Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması regionda sülhə töhfə verəcək.
Sputnik
BAKI, 15 fevral — Sputnik. "Ermənistan dar günə bizə dostluq əli uzatdı".
Bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu erməni həmkarı Ararat Mirzoyanla birlikdə keçirdiyi mətbuat konfransında deyib.
O bildirib ki, Cənubi Qafqazdakı normallaşma prosesi davam edir:
"Cənubi Qafqazda normallaşma prosesi davam edir. Bu gün ortaya qoyduğumuz iş birliyi anlayışının bu məsələyə dəstək verəcəyinə inanıram. Eyni zamanda, Ermənistanın Azərbaycanla münasibətlərinin normalaşması bölgəmizdəki sabitliyə töhfə verəcək”, – o əlavə edib.
Çavuşoğlunun sözlərinə görə, Ermənistanla quru yollarının açılması məsələsi gündəmdədir:
"Bu gün Ararat Mirzoyanla normallaşma məsələsində hansı addımları ata biləcəyimizi danışdıq. Bunlardan bir də Ermənistanla Türkiyə arasında tarixi İpək yolu körpüsünün bərpasıdır. Bundan başqa, sərhəd-buraxılış məntəqəsinə aparan yolların bərpası ilə bağlı addımlar atmağı düşünürük", - Türkiyə XİN rəhbəri deyib.
Çavuşoğlu, Ermənistanın zəlzələdən sonra ölkəsinə dəstək verdiyini və həmrəylik nümayiş etdirdiyini vurğulayıb: "Zəlzələdən dərhal sonra Ermənistan ölkəmizə 28 nəfərlik axtarış-xilasetmə heyəti göndərdi. Eyni zamanda, Ermənistan Türkiyənin zəlzələ bölgəsinə 100 tonluq humanitar yardım göndərdi. Və bugünkü görüşümüzdə əlavə yardımlar da göndəriləcəyini bildirdi".
Xatırladaq ki, 2021-ci ilin dekabrında İrəvan və Türkiyə normallaşma danışıqları üçün xüsusi nümayəndələrini təyin ediblər. Ruben Rubinyan və Serdar Kılıç il ərzində bir neçə görüş keçirib. Bundan əlavə, oktyabrda Ermənistanın Baş naziri və Türkiyə prezidenti ilk dəfə Praqada görüşüblər. İndiyədək tərəflər hava yük daşımalarının qurulması, habelə üçüncü ölkə vətəndaşları üçün quru əlaqəsinin açılması barədə razılığa gəliblər. Eyni zamanda, Türkiyə rəsmiləri hər dəfə bəyan edirlər ki, İrəvanla danışıqlar prosesi Bakı ilə sıx əlaqələndirilir.
DÜNYA XƏBƏRLƏRİ
Mirzoyan Ankarada: "Ermənistan Türkiyə ilə münasibətlərin normallaşmasında maraqlıdır"