BAKI, 15 fevral — Sputnik. 2011-ci ildə "Avroviziya" müsabiqəsində iştirak edən və qalib gələn Nigar Camal Moskvada növbəti konsertinə hazırlaşır. Sənətçi Rusiyaya duet ortağı Dima Bilanın dəvəti ilə gedib.
O, Bilanın "Crocus City Hall"da keçiriləcək yubiley konsertində çıxış edəcək. Müğənninin sənət fəaliyyətinin 25 ili münasibətilə baş tutacaq gecədə Nigar Dimayla "Обними меня" duetini səsləndirəcək. Onu da bildirək ki, sözügedən duet 2012-ci ildə "Muz" TV mükafatlarında "Rusiyada ilin ən yaxşı dueti" nominasiyası üzrə qalib olub. Onlar 5 il sonra mahnını Bakıda keçirilən "JARA" festivalında ifa ediblər.
Qeyd edək ki, sənətçi Rusiyaya iki gün öncə yollanıb. Məşhur hotellərin birində qalan Nigara otağına girərkən sürpriz də edilib. Onun fotolarının asıldığı şarlar və "Xoş gəldin" məktubu otağa qoyulub.
Onu da bildirək ki, baş tutan ikigünlük konsertin rejissorlarından biri də Ranar Musayevdir. Sözügedən konsert iki günlük nəzərdə tutulub. Ötən gün baş tutan konsert bu gün sona çatacaq.
Nigar Camal konsertə hazırlıq prosesini sosial media hesabında paylaşıb.