MƏDƏNİYYƏT

AzTv-nin addımı ibtidai icma psixologiyasına uyğundur - Karlson kimi yaşayan Xalq artisti

Ölkənin məşhur şəxsləri rejissor və dublyaj aktyoru Kamal Yaşarın prezidentə müraciətindən sonra işsiz qalmasını kəskin şəkildə tənqid ediblər.
Sputnik
BAKI, 14 fevral — Sputnik. Tanınmış rejissor, dublyaj aktyoru Kamal Yaşarın Mədəniyyət TV-də müəllifi və aparıcısı olduğu "Kinokitab" layihəsi dayandırılıb. Bu barədə Kamal Yaşar özünün sosial media hesabında məlumat yayıb. Onun sözlərinə görə, buna səbəb aktyorun prezidentə etdiyi videomüraciət olub. Baş vermiş hadisə ölkə gündəmini alt-üst edib.
Tanınmış yazıçı Kəramət Böyükçöl Sputnik Azərbaycan-a bu məsələni şərh edərkən deyib ki, Kamal Yaşarın işdən uzaqlaşdırılması ədalətsizlikdir. Bu, cəmiyyətdə insani münasibətlərin itdiyini göstərir:
"Adam gör nə vəziyyətdədir ki, son ümidi prezidentə müraciət etməkdə görüb. Həmin adamı da o saat işdən çıxarırlar. Sənətçi öz dərdini deyib, onun dərdini dinləmək, ona yardım etmək əvəzinə onu işdən çıxarırlar. Bunu etməklə insanları qorxudurlar ki, "bax a birdən kimsə səsini çıxarsa, həmin adamı da işdən uzaqlaşdıracağıq". Əslində onlar bunu etməklə cəmiyyəti qızışdırırlar. Sabah başqa bir sənət adamı da səsini qaldıracaq, haqqını tələb edəcək. Çünki, digər insanlar da görəcək ki, filankəs etiraz elədi, xalq ona qucağını açdı. Onsuz da ölmək ölməkdir, xırıldamaq nə deməkdir? Avtoritar sistemlərin ən son atdığı addım sənət adamlarına və yaradıcı insanlara qarşı repressiyalardır. Ondan o tərəfə addım yoxdur".
"On ildir Karlson kimi damda yaşayıram"
Xalq artisti Əbdül Mahmudov isə bildirir ki, o da bu problemlə yaşayır. Bir çox dövlət mükafatlarının sahibi olan sənətçinin şikayəti öncə sabiq Bakı Şəhər İcra hakimiyyətinin başçısı Hacıbala Abutalıbov tərəfindən, sonra isə digər məmurlar tərəfindən ünvanına çatdırılmayıb:
"Mən 10 ildir ki, Karlson kimi damda yaşayıram. On ildir mənim evim bərpa olunmalıdır, mən öz evimə qayıtmalıyam. Məni aldada-aldada saxlayırlar. Mənim Kamal Yaşardan 10 qat artıq əməyim var incəsənət sahəsində. Xalq artistiyəm, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsüyəm, xeyli sayda mükafatların sahibiyəm. Mənim müraciətim gedib prezidentə çatmırsa, televiziya rəhbərləri narahat olmasınlar, Kamalın müraciəti gedib prezidentə çatmayacaq. Çox təəssüf ki, çatmayacaq. Mən inanıram ki, müraciət prezidentə çatsa, dövlət başçısı onlara qarşı tədbirlər həyata keçirəcək".
Sənətkar əlavə edir ki, dünyanın heç bir yerində insanlar şəxsi mövqeyinə görə təqib olunmur. Bizdə isə hələ də İbtidai icma ənənələri, qanunları hökm sürür. Aztv-nin atdığı addım isə ibtidai icma psixlogiyasına uyğundur:
"Bizdə tayfa psixologiyası, "bizimlə deyilsənsə, bizdən deyilsən" kimi iyrənc psixologiya hələ də hökm sürür. Bəs sənət adamı dərdini kimə söyləməlidir? Cəmiyyətin savadlı, ziyalı insanı problemi deməsə, get axıra, gəl naxıra olacaq. Bundan başqa, ölkənin konstitusiyası var. Orada yazılıb ki, dövlətin mənbəyi xalqdır, xalqın da qarantı prezidentdir. Konstitusiyamız o qədər gözdən salınıb ki.. Məmurlar o qədər şəxsi mənafeləri uğrunda çalışırlar ki, onu unudublar. Kamalın əşhədü-ehtiyacı olmasa, müraciət etməzdi də. Niyə axı hər şeyi prezident etməlidir? Niyə məmurlar problemləri həll etmir? Mən buradan Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin sədri Rövşən Məmmədova müricət edirəm ki, səhvini düzəltsin".
"Mənim bu sahədəki adi oyunçu olaraq bunu düzəltməyə heç bir gücüm yoxdur"
Aktyor Kamal Yaşar da məsələ ilə bağlı öz mövqeyini bildirib. Aktyor həmkarlarını bu məsələdə həmrəy olmağa çağırıb:
"Mən incəsənət xadimiyəm. Bu məsələdə də özünüifadəmin məhz bu yolla daha uyğun olduğunu düşünərək belə yanaşma sərgiləmişəm. Çəkdiyim videoda hər şey sadə, açıq və aydın bəllidir. Əlaqədar qurumlar illərlə bu sahəni başsız qoyduqları üçün mən bunu etmişəm, məcbur qalıb ölkə başçısına müraciət etmişəm. Bundan sonrası isə artıq mənə aid deyil. Mənim işim problemi, dərdi duyurmaq idi. Bu, mənim fərdi, şəxsi dərdim deyil, ümumən incəsənətin dərdidir. Bunun da başbilənləri var. Əgər düzəlməlidirsə, düzələcək. Düzəlməməlidirsə, mənim bu sahədəki adi oyunçu olaraq bunu düzəltməyə heç bir gücüm yoxdur. Bu, illərdir belə davam edirdi. Mən səssizliyi pozdum. Amma edə biləcəyim bundan artığı deyil".
Kamal Yaşar qeyd edib ki, əgər dövlət səviyyəsində diqqət olsa, onun üçün bu sahənin proeblemlərini konseptual şəkildə yazıb, planlayıb sistemləşdirmək və həll etmək su içmək qədər asandır.:
"Mən və həmkarlarım durumu düzəltmək üçün dərhal səfərbər ola bilərik. Amma gərək məsələ yuxarıdan həll olunsun. Olmayacaqsa da, olmayacaq. Məsələyə həssaslıqla yanaşan hər kəsə təşəkkür edirəm".
"Mədəniyyət" kanalından Sputnik Azərbaycan-a bildiriblər ki, "Kinokitab" verilişi hələ ötən ilin sentyabrından yayımlanmırdı. Verilişin keyfiyyət baxımından müasir tələblərlə uyğunlaşmadığı da yaradıcı kollektivə izah edilib. Bu il kollektivə daha bir imkan verilsə də, reytinq toplamadığı üçün verilişin yayımının dayandırılmasına qərar verilib:
"Bunu hansısa açıqlama və paylaşımla əlaqələndirmək fikri başqa istiqamətə yönləndirməkdən, süni ajiotaj yaratmaqdan başqa bir şey deyil. "Kinokitab" verilişi "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-nin məhsulu deyil, prodakşn istehsalıdır. Verilişin ərsəyə gəlməsində də əməyi olan şəxslər "Mədəniyyət" kanalının əməkdaşları yox, kənar müəlliflərdir".
Qeyd edək ki, Kamal Yaşar iki gün öncə Prezident İlham Əliyevə videomüraciət ünvanlamış, dublyaj sahəsində vahid mərkəzləşmənin olmadığı, bu sahədə fəaliyyət göstərənlərin ciddi maddi sıxıntılar yaşadığını bildirmişdi. O, müəllifi olduğu verilişin yayımını bu müraciətdən sonra dayandırıldığını bildirib.