BAKI, 15 fevral — Sputnik. Rusiyada yaşayan tanınmış vokalçı soydaşımız, Azərbaycanın Xalq artisti Yusif Eyvazov İtaliyada "Arena di Verona" opera festivalında iştirak edəcək.
İyunun 16-dan avqustun 31-dək keçiriləcək festivalda Yusif Eyvazov italyan bəstəkarı C.Verdinin "Aida" operasının yeni quruluşda tamaşasında çıxış edəcək və "Riqoletta"nın yeni quruluşunda hersoq Mantuan partiyasını ifa edəcək.
Bu barədə sosial şəbəkə səhifəsində paylaşım edən müğənni deyib: "Əziz dostlar, fəxrlə əfsanəvi "Arena di Verona"nın 100 illik yubiley festivalında iştirak etdiyimi elan edirəm. Çoxlarınız bilirsiniz ki, opera ifaçısı kimi formalaşmağım və ilk addımlarım məhz İtaliyada olub. Ona görə də yubiley festivalında iştirak mənim üçün böyük əhəmiyyət kəsb edir. Bu həm də mənim kiçik yubileyimdir – düz 10 il əvvəl Veronada debüt etmişdim".
Məlumat üçün bildirək ki, Yusif Eyvazov Milan Beynəlxalq Opera müğənniləri müsabiqəsinin Qran Pri mükafatçısıdır. O, 1996-cı ildə Bakı Musiqi Akademiyasına daxil olub, daha sonra təhsilini davam etdirmək məqsədilə 1998-ci ildə İtaliyanın Milan şəhərinə gedib. Burada Franko Korelli, Luçano Pavarotti, Maqda Oliveri, Plaçido Dominqodan ustad dərsləri alıb. Yusif Eyvazov Kapriolo, Montanyana və Milan vokal müsabiqələrinin finalçısı və qalibi olub.