BAKI, 15 fevral — Sputnik. Azərbaycanda adambaşına düşən orta aylıq xərc artıb. Belə ki, 2023-cü ilin yanvar ayında pərakəndə ticarətdə əhalinin bir nəfəri orta hesabla ayda 424,3 manat pul xərcləyib. Bu isə 2022-ci ilin yanvar ayı ilə müqayisədə 62,6 manat çoxdur. Başqa sözlə, son bir ildə adambaşına düşən orta aylıq xərc 17,3% artıb.
Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən ay xərclərin 236,9 manatı ərzaq məhsulları, içkilər və tütün məmulatlarının, 187,4 manatı isə qeyri-ərzaq mallarının payına düşüb.
Yanvarda Azərbaycanda illik ərzaq inflyasiyası 17,5% olub
Qeyd edək ki, xərclərin artmasının əsas səbəbi istehlak qiymətlərinin bahalaşmasıdır. Əhalinin pərakəndə ticarətdə xərclərinin çoxu ərzaqlara gedir.
Yanvar ayında Azərbaycanda illik ərzaq inflyasiyası 17,5% olub. Ötən ay təkcə ərzağın qiyməti qalxmayıb, qeyri-ərzaq mallarının (12,2%), ödənişli xidmətlərin qiymətləri (9,7%) də bahalaşıb.
Dövlət Statistika Komitəsinin məlumatına görə, 2023-cü ilin yanvar ayında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 4,3 milyard manatlıq, o cümlədən 2,4 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 1,9 milyard manatlıq qeyri-ərzaq malları satılıb. 2022-ci ilin yanvar ayı ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 2,9%, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 2,2%, qeyri-ərzaq malları üzrə 3,6% artıb.
Xərclərin yarıdan çoxu ərzağa gedib
Bu ilin yanvar ayında alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları mallara xərclədiyi vəsaitin 50,5%-i ərzaq məhsullarının, 5,3%-i içkilər və tütün məmulatlarının, 14%-i toxuculuq məhsulları, geyim və ayaqqabıların, 4,8%-i avtomobil benzini və dizel yanacağının, 4,5%-i elektrik malları və mebellərin, 2,8%-i əczaçılıq məhsulları və tibbi ləvazimatların, 0,9%-i kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 17,2%-i isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub.
Ötən ay əhali əczaçılıq məhsulları və tibbi ləvazimatlara 119,6 milyon manat xərc çəkib. Bu da keçən ilin yanvarı ilə müqayisədə 4,3% çoxdur.
Bazarda yumurta, arxiv şəkli
© AFP 2024 / STR
2023-cü ildə illik inflyasiyanın 8% ətrafında olacağı gözlənilir
Azərbaycan Mərkəzi Bankının məlumatına görə, dünya enerji və ərzaq qiymətlərinin stabilləşməsi şəraitində 2022-ci ilin IV rübündən başlayaraq ölkəmizin ticarət tərəfdaşı olan dövlətlərdə inflyasiya tədricən azalmağa başlayıb.
Son proqnozlar da 2023-cü ildə cari hesabın profisitli olacağını gözləməyə əsas verir. Manatın nominal effektiv məzənnəsinin möhkəmlənməkdə davam etməsi inflyasiyanın xarici mənşəli xərc amillərini əhəmiyyətli neytrallaşdırır.
Bununla belə inflyasiya mühiti, o cümlədən tələb və təklif amillərinin gözlənilən dəyişimi ilə bağlı qeyri-müəyyənliklər yüksək olaraq qalır. Geosiyasi gərginliyin davam etməsi və bəzi aparıcı iqtisadiyyatlarda COVID-19-la bağlı vəziyyət inflyasiyanın xarici mühitini çox dəyişkən edir. Ümumilikdə illik inflyasiya azalmaya meyil göstərsə də onun proqnozlaşdırılan səviyyəsi hədəf göstəricisini üstələməkdə davam edir. Yenilənmiş proqnozlara görə baza ssenari üzrə fərziyyələr sabit qalarsa, 2023-cü ildə illik inflyasiyanın 8% ətrafında olacağı gözlənilir.
Dövlət başçısı Azərbaycandakı inflyasiyanı idxal edilmiş inflyasiya adlandırıb
Xatırladaq ki, yanvarın 10-da Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində inflyasiyanın hazırda bütün dünyada ciddi bir problemə çevrildiyini bildirib:
"Hətta inkişaf etmiş Qərb ölkələrində ki, orada adətən inflyasiya 1%-dən, yəni, 1 və maksimum 1,5%-dən yüksək olmurdu, bu gün inflyasiya 10%-i üstələyir. Azərbaycandakı inflyasiya idxal edilmiş inflyasiyadır. Çünki biz əlbəttə, dünya iqtisadiyyatının bir parçası olduğumuz üçün bir çox malları idxal edirik və bu istiqamətdə də çalışırıq ki, idxalı əvəzləyən yerli istehsal daha geniş vüsət alsın. Amma hələ təbii ki, idxaldan asılıyıq. Ona görə, əgər belə demək mümkündürsə, inflyasiya Azərbaycana idxal edilib. Keçən ilin nəticələrinə görə 13,9% təşkil edib. Yəni, bu idxal edilmiş inflyasiya ilə bizim mübarizə imkanlarımız kifayət qədər məhduddur...".
"Dövlət başçısı bildirib ki, dünya postpandemiya dövrünə hələ təzə-təzə uyğunlaşır.
"Bir çox ölkələrdə, o cümlədən Azərbaycanda kəskin qiymət artımı müşahidə olunur. Bizim də iqtisadiyyatımız dünya iqtisadiyyatının bir parçası olduğu üçün əfsuslar olsun ki, biz də bu mənfi təsirə məruz qalmışıq. Ancaq biz çalışırıq ki, dünya üçün bu böhranlı vəziyyəti xalqımız üçün sosial layihələrlə, sosial proqramlarla yüngülləşdirək", - deyə dövlət başçısı bildirib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.