BAKI, 15 fevral — Sputnik. Rusiya turizm operatorları 2022-ci ildə Azərbaycana səfər etmək istəyənlərin sayının artdığını açıqlayıblar.
Sputnik Azərbaycan xəbər verir ki, Rusiya Turizm Operatorları Assosiasiyasının apardığı sorğunun nəticələrinə əsasən, turoperatorlar Azərbaycana turların sayının artmasına səbəb kimi Rusiya regionlarından birbaşa aviareyslərin açılmasını və biletlərin qiymətinin aşağı düşməsini göstərirlər.
Rusiya turizm mütəxəssislərinin fikrincə, giriş üçün koronavirus məhdudiyyətlərinin olması rusiyalı turistlərin Azərbaycana marağını nisbətən azaldır. Lakin koronavirus məhdudiyyətlərinin ləğvi Rusiyadan Azərbaycana turist axınını 30-40 faiz artıra bilər.
Turoperatorlar rusiyalıların Azərbaycana daha çox ekskursiya və şəhər turlarına, eləcə də müalicə məqsədilə gəldiklərini bildiriblər. Bu il Azərbaycan kurortlarında qış turizmi də rusiyalılar üçün cəlbedici olub.