BAKI, 15 fevral — Sputnik. Azərbaycanda istehsal olunan və ölkəyə idxal edilən qida məhsullarının üzərindəki etiket və adlar, onlardan istifadə qaydaları barədə izahat vərəqələri başqa dillərlə yanaşı, Azərbaycan dilinə tərcüməsi ilə müşayiət olunmalıdır. Bu tələb daha öncə qəbul edilmiş "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" və "Azərbaycan Respublikasında dövlət dili haqqında" qanunların müvafiq maddələrində də əksini tapıb.
Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən aparılan dövlət nəzarət tədbirləri və monitorinqlər zamanı aşkarlanan uyğunsuzluqlar, o cümlədən Azərbaycan dilində markalanması olmayan məhsulların ölkəyə daxil olmasının qarşısının alınması istiqamətində ciddi tədbirlər görülür. İstehlakçılar qida sahəsində rastlaşdıqları uyğunsuzluqlarla bağlı AQTA-nın "1003 – Çağrı Mərkəzi"nə zəng edərək məlumat verə bilərlər.
Qeyd edək ki, 1 yanvar 2023-cü il tarixindən qüvvəyə minən "Qida təhlükəsizliyi haqqında" qanuna əsasən, qida məhsullarının etiketlənməsində Azərbaycan dilində məlumatlar olmadıqda onun idxalına və dövriyyəsinə yol verilmir.