BAKI, 15 fevral — Sputnik. "Azərsu" ASC Abşeron rayonunda içməli sudan qanunsuz istifadə halları aşkarlayıb.
Bu barədə qurumdan bildirilib.
Masazır qəsəbəsində yaşayış binasında içməli sudan qanunsuz istifadə edildiyi aşkar edilib. Məlum olub ki, yaxınlıqdan keçən su xəttinə obyekt sahibi tərəfindən özbaşına müdaxilə edilərək 20 mm diametrli boru ilə binaya su xətti çəkilib. Qəsəbə ərazisindəki digər binada da içməli sudan qeyri-qanuni istifadənin qarşısı alınıb. Qanunvericiliyin tələblərinə uyğun olaraq akt tərtib edilərək həmin xətlər ləğv olunub, bina sahibləri sudan qanuni istifadə ilə bağlı məlumatlandırılıb.
Bundan başqa, qəsəbə ərazisində fəaliyyət göstərən fermada içməli sudan qeyri-qanuni istifadə halı aşkarlanıb. Fermanın sayğacı və müqaviləsi olsa da, sayğacdankənar xətdən istifadə edilirmiş. Fermanın yaxınlığındakı fərdi yaşayış evində də sudan qanunsuz çəkilmiş xətt vasitəsilə istifadə edildiyi aşkarlanıb.
Nəzarət tədbirləri zamanı Qobu-Hökməli yolu üzərində yerləşən avtoyuma məntəqəsində də sudan özbaşına istifadə halı aşkar edilib. Obyektin su sayğacı, müqaviləsi olmasa da, qeyri-qanuni çəkilmiş xətt vasitəsilə sudan istifadə edilib.
Bundan əlavə, Qobu qəsəbəsində fərdi yaşayış evlərində sudan qanunsuz istifadə edildiyi məlum olub. Məlum olub ki, fərdi yaşayış evinin tikintisi və satışı ilə məşğul olan Famil adlı şəxs mənzillərə qanunsuz su xətləri çəkib.
Obyektlərə və fərdi yaşayış evlərinə çəkilmiş qeyri-qanuni xətlər və birləşmələr ləğv edilib. Obyekt sahibləri və vətəndaşlarla su şəbəkəsinə qanuni qoşulma ilə bağlı maarifləndirmə işləri aparılıb. Onların diqqətinə çatdırılıb ki, içməli sudan qeyri-qanuni və israfçılıqla istifadə şəbəkələrdə hidravliki rejimlərin pozulmasına, ciddi su itkilərinə, həmin ərazilərdə yaşayan digər sakinlərin su təchizatının pisləşməsinə səbəb olur. Belə qanunsuz halların qarşısını almaq üçün nəzarət tədbirləri mütəmadi davam etdiriləcək, qanunsuz və sayğacdankənar xətlər ləğv olunacaq, belə halları təkrar törədənlərlə bağlı hüquq-mühafizə orqanlarına müraciət ediləcək.
Qeyd edək ki, 2022-ci ildə Abşeron rayonunda içməli sudan qanunsuz istifadə ilə bağlı 762 fakt aşkarlanıb. Həmin hallar üzrə 193 min kubmetr həcmində sərfiyyat bərpa olunub.