CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İxtisaslaşmış universitetdə zəlzələyə davamlılıq, seysmik aktivlik necə öyrədilir?

N.Abdullayev bildirir ki, dörd il qısa müddət olsa da, tələbə tikilinin bünövrəsindən dam örtüyünədək bütün hissələri ilə bağlı nəzəri və praktik bilikləri əldə edir.
Sputnik
BAKI, 14 fevral — Sputnik. Türkiyədə baş vermiş və kütləvi insan tələfatına səbəb olmuş zəlzələ bir daha həm tikintidə təhlükəsizlik, həm də binaların zəlzələyə davamlılığına cavabdeh olan ixtisaslı kadrların necə hazırlanması məsələsini gündəmə gətirdi.
Maraqlıdır, Memarlıq və inşaat üzrə ixtisaslaşmış Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) kadrlar necə hazırlanır, tikilən binaların zəlzələyə davamlılığı ayrıca fənn olaraq tədris olunurmu? Bu peşəkar kadrların əmək bazarındakı fəaliyyəti necə izlənilir? Bu və digər suallarımıza cavab tapmağa çalışdıq.
Azərbaycan Memarlıq və İnşaat Universitetinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Nicat Abdullayev Sputnik Azərbaycan-ın sorğusuna cavab olaraq bildirib ki, "Memarlıq" və "İnşaat" fakültələrində tikintiyə dair bütün istiqamətlər əhatəli tədris olunur:
"Təhsildə tikintidə təhlükəsizlik əsas istiqamətlərimizdəndir. Qeyd edim ki, hazırda universitetdə “Bina və qurğuların istismarı və rekonstruksiyası”, “Bünövrələr, özüllər, yeraltı qurğular”, “Tikinti istehsalatının texnologiyası, təşkili və idarə olunması”, “İnşaat konstruksiyaları” kafedraları və s. fəaliyyət göstərir. Kafedraların adından da göründüyü kimi burada inşaata aid demək olar ki, bütün kritik istiqamətlər nəzərə alınıb. Dörd il qısa müddət olsa da, tələbə tikilinin bünövrəsindən dam örtüyünədək bütün hissələri ilə bağlı nəzəri və praktik bilikləri əldə edir".
AzMİU-nun İctiamiyyətlə Əlaqələr şöbəsinin rəhbəri Nicat Abdullayev
N.Abdullayev onu da bildirib ki, universitetdə seysmik aktiv ərazilərlə bağlı tədirs üçün konkret fənn yoxdur, əlaqəli fənnlər var:

"Yəni bu, coğrafi və geoloji istiqamətdir. AzMİU-da “Bina və qurğuların istismarı və rekonstruksiyası” və “İnşaat konstruksiyaları” kafedralarının tədris istiqamətlərindəki fənlərdə seysmik aktiv ərazilərlə bağlı vacib biliklər də öyrədilir. Məsələn, “İnşaat konstruksiyaları” kafedrasının professor-müəllim heyəti tərəfindən inşaat mühəndisliyi ixtisası üzrə tələbələrimizə “Bina və qurğuların dayanıqlığı” fənni tədris olunur ki, burada da binanın və ya qurğunun seysmik təsirə dayanıqlığı öyrədilir. “Bina və qurğuların istismarı və rekonstruksiyası” kafedrasının professor-müəllim heyəti tərəfindən isə “Qurğuların sınağı və monolit binaların zəlzələyə davamlığı”, “Qurğuların dinamikasının və zəlzələyə davamlılıq nəzəriyyəsinin əsasları” fənnləri tədris olunur. Bu fənnlər çərçivəsində, əlbəttə ki, seysmik ərazilər, həmin ərazilərlə iş prinsipi də tədris olunur".

Peşəkar kadrlar necə hazırlanır və onların əmək bazarındakı fəaliyyəti necə izlənilir?
N.Abdullayevin sözlərinə görə, 1975-ci ildə yaradılan universitetin 1990-cı ilə kimi təhsil alan bütün məzunları demək olar ki, ixtisası üzrə fəaliyyətə başlayıblar:
"Ötən əsrin 90-cı illərində bütün sahələrdə olduğu kimi inşaat sektorunda da durğunluq yarandı. Lakin son 15 ildir, xüsusilə torpaqlarımız işğaldan azad olunandan sonra ölkəmizin inşaat sektoru sürətlə inkişaf edir. Bu o deməkdir ki, bu gün Azərbaycanda inşaat mühəndislərinə böyük ehtiyac yaranıb və AzMİU-nun inşaat mühəndisi məzunlarının böyük əksəriyyəti öz ixtisası üzrə çalışır".
Məzunların ixtisası üzrə karyera qurub-qurmadığı necə izlənilir, sualına cavab olaraq isə N.Abdullayev qeyd edib ki, hazırda universitetdə Karyera və Təcrübə Mərkəzi fəaliyyət göstərir:
"Bütün məzunlarla bağlı məlumatlar Mərkəzin bazasında toplanılır. Onlarla mütəmadi əlaqə yaradılır və işsizlər üçün əməkdaşlıq edilən təşkilatlarda iş imkanları axtarılır".
Kadrların hazırlığı kafedraların professor-müəllim heyəti tərəfindən aparılır:

"Tələbələr mütəmadi olaraq istehsalat təcrübələrinə cəlb edilir, öyrədilən nəzəri biliklər tikintidə və ya laboratoriyalarda tətbiq olunur. İstehsalatdakı qabaqcıl mütəxəssislər həmçinin tədris prosesinə cəlb edilir. Universitetin ölkəmizin ən qabaqcıl inşaat şirkətləri ilə əməkdaşlığı var. Bu əməkdaşlıq universitetimizə inşaat sahəsində olan ən son yenilikləri öyrənməyə, tədqiqatlar aparmağa da imkan verir".

"AzMİU olaraq hansı ölkədə daha mütərəqqi təcrübə varsa, onu öyrənib tədris zamanı tətbiq etməyə çalışırıq. Bununla belə, inşaat mühəndisliyi ixtisası üzrə Türkiyənin İstanbul Texnik Universiteti və Portuqaliyanın Leiria Politexnik İnstitutu ilə ikili diplom müqavilələr çərçivəsində inşaat mühəndisliyi ixtisası üzrə tədris planlanımızı həmin universitetlərin tədris planı ilə uyğunlaşdırmışıq. Artıq tələbələrimizin bəziləri təhsillərinin növbəti iki ilini həmin universitetlərdə, həmin universitetlərin bəzi tələbələri isə təhsillərinin növbəti iki ilini AzMİU-da alırlar. Məlumat üçün qeyd edək ki, bu iki ali təhsil müəssisəsi inşaat mühəndisliyi ixtisası üzrə dünyanın ən qabaqcıl ali məktəbləridir", - deyə o əlavə edib.
Bəs dərsliklərlə bağlı vəziyyət necədir, müasir tələblər, təcrübələr kitab halında nəşr olunurmu?
N.Abdullayev qeyd edir ki, AzMİU-nun kitabxanası 1977-ci ildə yaradılıb və o vaxtdan bu günədək nəşr olunan, inşaat sahəsinə aid mütərəqqi hesab edilən demək olar ki, bütün elmi ədəbiyyatlar ali məktəbin bazasına daxil edilib:
"Bununla belə, XVIII-XIV əsrlərə, eləcə də XX əsrin əvvələrinə aid qiymətli əsərlər də mövcuddur".
O bildirib ki, AzMİU-nun kitabxanasında 500 mindən çox nüsxə ədəbiyyat, jurnal və referat mövcuddur. Bunun təxminən 100 mindən çoxu inşaat sahəsinə aidir və böyük əksəriyyəti də elmi baxımdan qiymətli ədəbiyyat hesab olunur. Son 5 ildə inşaat sahəsinə aid 1000-ə yaxın yeni ədəbiyyat əlavə edilib, lakin bu hamısı demək deyil. AzMİU-nun elektron kitabxanası var ki, ənənəvi kitabxanada olmayan bəzi əsərləri həmin elektron kitabxanada tapmaq olar:
"Bundan əlavə, kitabxanamız “Web of Science”ın “Polpred” Onlayn Xəbərlər Bazasına da üzvdür. Tələbələrimiz və müəllimlərimiz ölkəsindən və müəllifindən aslı olmayaraq dünya elm ictimaiyyəti tərəfindən qiymətli elmi əsər hesab olunan və “Web of Science”ə daxil edilən istənilən ədəbiyyata çıxış əldə edə bilirlər".

"Elmi ədəbiyyatın dili məsələsinə gəlincə isə deyə bilərik ki, AzMİU-da əsasən 4 - Azərbaycan, Türk, İngilis və Rus dillərində elmi ədəbiyyatdan istifadə olunur", - deyə o əlavə edib.

Tədrisdə yer verilən ədəbiyyatlar isə əsasən son dövrlərə aiddir:
"Çünki son dövrlər yazılan mütərəqqi elmi əsərlər özlərində həm də əvvəlki təcrübəni əks etdirir".