AZƏRBAYCAN XƏBƏRLƏRİ

Xilasedicilərimiz Türkiyədə dağıntılar altından 51 nəfəri sağ çıxarıb

Prezident İlham Əliyevin tapşırığına əsasən Türkiyədə olan FHN-in çevik xilasetmə qüvvələri qardaş ölkədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarını fasiləsiz davam etdirirlər.
Sputnik
BAKI, 14 fevral — Sputnik. Azərbaycan xilasediciləri Türkiyədə dağıntılar altından 51 nəfəri sağ, 655 nəfərin cəsədini çıxarıb. Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Qeyd olunub ki, Prezident İlham Əliyevin tapşırığına əsasən Türkiyədə olan FHN-in çevik xilasetmə qüvvələri qardaş ölkədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarını fasiləsiz davam etdirirlər.
Nazirliyin xilasediciləri zəlzələdən ciddi zərər görmüş Kahramanmaraş rayonu ərazisində həyata keçirdikləri axtarış-xilasetmə əməliyyatları nəticəsində dağıntılar altından 51 nəfəri sağ, 655 nəfərin isə cəsədini çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
Axtarış-xilasetmə əməliyyatları xüsusi texniki vasitələr, habelə xilasetmə itlərinin tətbiq edilməsi ilə davam etdirilir.
Əməliyyatların gedişi barədə əlavə məlumat veriləcək.
Qeyd edək ki, ötən gün Azərbaycan xilasediciləri Türkiyədə dağıntılar altından 51 nəfəri sağ, 613 nəfərin isə cəsədini çıxarmışdı.
Xatırladaq ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonu olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub. Güclü yeraltı təkanlardan sonra bölgədə 6,6 maqnitudayadək yüzlərlə afterşoklar qeydə alınıb. Təbii fəlakət Türkiyə və Suriyada böyük dağıntı və minlərlə itkilərə səbəb olub.
İki zəlzələ həmçinin Livan, Kipr, İraq, İsrail, İordaniya, İran və Misirdə hiss edilib.