BAKI, 14 fevral — Sputnik. İtaliya karabinerilərinin xüsusi bölmələri çərşənbə axşamı Sardiniyanın cənub bölgəsində neofaşist terrorizmi ilə mübarizə məqsədilə "Reaksiya" kod adlı əməliyyat keçiriblər. Əməliyyat zamanı dörd nəfər həbs edilib, işdə iştirak edən daha 11 nəfər isə istintaq altındadır. Bunu hüquq-mühafizə orqanları rəsmiləri jurnalistlərə bildiriblər.
Sardiniyanın şimal-şərqində ekstremist qrupun təxribat fəaliyyəti ilə bağlı təhqiqata 25 may 2019-cu ildə başlanılıb. Daha sonra bəzi yerli seçki məntəqələrinin yaxınlığında 7,65 millimetr çaplı güllələr və vərəqələr aşkar edilib.
Onların müəllifləri vətəndaşları Avropa Parlamentinə növbəti seçkilərdə iştirak etməməyə çağırıb, həmçinin, bütün İtaliyada dövlət idarələrinə hücum edərək "silahlı mübarizəyə" başlamaqla hədələyiblər.
Araşdırma zamanı hüquq-mühafizə orqanlarının əməkdaşları Ananio Mankanın rəhbərlik etdiyi neofaşist "Sardiniya Legionerləri Cəbhəsi" təşkilatının üzvlərini müəyyən ediblər. Bu struktur sağçı ekstremist fikirlərin yayılması, vətəndaşları qorxutmaqla məşğul olub, eyni zamanda irimiqyaslı narkotik ticarətini həyata keçirib.
İstintaq materiallarına görə, "legionerlərin" məqsədi Sardiniyada silahlı dəstə yaratmaq olub. "Reaksiya" əməliyyatı zamanı onlar təxribatçı fəaliyyətlərdə iştirakda, ləğv edilmiş faşist partiyasını bərpa etməkdə, habelə narkotik vasitələrin qanunsuz dövriyyəsi və quldurluqda cinayətkar birlik təşkil etməkdə ittiham ediliblər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.