BAKI, 14 fevral — Sputnik. Rusiyanın Həştərxan vilayətində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə silsilə tədbirlər keçiriləcək. Bu barədə Rusiyanın hökumət və Xarici Əlaqələr Nazirliyinin saytları xəbər verir.
Bu tədbirlərin hazırlanması və keçirilməsi üçün yaradılmış təşkilat komitəsinə vilayət hökumətinin üzvləri, bələdiyyələrin, tədris müəssisələrinin və ictimaiyyətin nümayəndələri daxildir. Müvafiq sənədləri regionun rəhbəri İqor Babuşkin imzalayıb.
"Həştərxan vilayəti ilə Azərbaycan arasında əlaqələr sadəcə işgüzar tərəfdaşlıq münasibətləri deyil. Bizi zamanla sınanmış güclü dostluq telləri birləşdirir. Heydər Əliyev Fondu tərəfindən rayonumuzda bir sıra sosial əhəmiyyətli layihələr həyata keçirib. Həştərxanda Heydər Əliyevin abidəsi ucaldılıb, onun adını daşıyan park salınıb. Müqəddəs knyaz Vladimir abidəsi ucaldılıb. 11 nömrəli orta məktəbin binası yenidən qurulub, indi bu məktəb Heydər Əliyevin adını daşıyır. Uşaq bağçası tikilib, Rusiya-Azərbaycan Dostluq Körpüsü inşa edilib", - deyə Həştərxan vilayətinin xarici əlaqələr naziri Vladimir Qolovkov qeyd edib.
Nazir xatırladıb ki, Həştərxan vilayətinin qubernatoru İqor Babuşkin 2022-ci il dekabrın 7-də Bakıda Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdə qarşıdakı əlamətdar tarixə həsr olunmuş tədbirlər keçirilməsini təklif edib. Prezident İlham Əliyev Abşeron rayonunun icra hakimiyyətinin başçısı Abdin Fərzəliyevə birgə tədbirlərin hazırlanmasında və keçirilməsində yaxından iştirak etməyi tapşırıb. İqor Babuşkin ötən il dekabrın sonunda Həştərxanda Abdin Fərzəliyevlə həmin tədbirlərin formatını və məzmununu müzakirə edib. Məlumatda deyilir ki, nəticədə həm iqtisadi, həm də humanitar sahələrə aid tədbirlərin geniş dairəsi müəyyən olunub.
Bu əlamətdar tarix münasibətilə Həştərxan vilayətinin təhsil müəssisələrində rəsm, fotoşəkil, şeir, inşa və kompüter yaradıcılığı müsabiqələri, eləcə də ədəbi gecələr keçiriləcək. Həştərxan və Azərbaycan məktəbliləri arasında telekörpü yaradılacaq. Yazda Həştərxanda keçirilən ənənəvi iməciliklər zamanı knyaz Vladimirin abidəsi yaxınlığında ağaclar əkiləcək.
Rayonun ali təhsil müəssisələri yubiley tədbirlərinə fəal qoşulacaqlar. Həştərxan Dövlət Texniki Universiteti və Azərbaycan Dövlət Neft və Sənaye Universiteti "Heydər Əliyev və onun irsi: energetika sahəsində Rusiya-Azərbaycan əməkdaşlığı" mövzusunda dəyirmi masa keçirəcək.
Həştərxan Dövlət Universitetində "Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında əməkdaşlığın inkişafına Heydər Əliyevin töhfəsi" mövzusunda dəyirmi masa keçiriləcək. Xəzər Dəniz və Çay Nəqliyyatı İnstitutunda Azərbaycan Mədəniyyəti Günlərinin keçirilməsi nəzərdə tutulub.
Həştərxan vilayətinin və Azərbaycanın gəncləri aprel ayında Abşeron rayonunda görüşəcəklər. Yeni görüş payızda Həştərxanda "Selias" Xəzər gənclər təhsil forumu çərçivəsində keçiriləcək. May ayında Həştərxandakı Azərbaycan İşgüzar Mərkəzi və Bakıdakı Həştərxan İşgüzar Mərkəzi tərəfindən Həştərxan vilayətinin və Abşeron rayonunun sahibkarlarının işgüzar forumu keçiriləcək.
Həştərxan vilayətinin Nərimanov rayonu Bakının Nərimanov rayonundan olan tərəfdaşları ilə birlikdə "Azərbaycan xalqının böyük övladları: tarix, yaddaş" mövzusunda elmi-praktik konfrans keçirəcək.
Məlumatda bildirilir ki, may ayında Həştərxanda Azərbaycan incəsənət xadimlərinin təntənəli konserti Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş tədbirlər çərçivəsində parlaq hadisə olacaq. İyun ayında isə Həştərxanın yaradıcı kollektivləri Bakıda təşkil olunacaq təntənəli konsertdə iştirak edəcəklər.
"Bu cür genişmiqyaslı birgə tədbirlərin keçirilməsi xalqlarımız arasında qarşılıqlı hörmətə və etimada əsaslanan dostluğun daha bir nümunəsi olacaq", - deyə Həştərxan vilayətinin xarici əlaqələr naziri Vladimir Qolovkov vurğulayıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.