SƏHİYYƏ

Hərarəti zorla salmaq xəstəliyin gedişini dayandırmır - SN

Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti bildirib ki, temperatur orqanizmin qoruyucu funksiyasıdır və orqanizm virus və ya digər mikroorqanizmlərlə mübarizə etmək üçün 38 dərəcəyə yaxın temperaturda daha aktiv mübarizə aparır.
Sputnik
BAKI, 14 fevral — Sputnik. Hərarəti zorla salmaq xəstəliyin gedişini dayandırmır, eyni zamanda müxtəlif ağırlaşmalara gətirib çıxarır. Bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Anar Tağıyev uşaqlar arasında qastroenteroloji problemlərlə bağlı müsahibəsində deyib.
O bildirib ki, hərarəti salmaq üçün bütün dünyada əsasən Asetaminofen (Parasetamol) tərkibli dərmandan istifadə edilir.
Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti APA-ya açıqlamasında bildirib ki, temperatur orqanizmin qoruyucu funksiyasıdır və orqanizm virus və ya digər mikroorqanizmlərlə mübarizə etmək üçün 38 dərəcəyə yaxın temperaturda daha aktiv mübarizə aparır.
"Xüsusi hallarda (febril qıcolma, ürək-tənəffüs çatışmazlığı, bəzi ürək xəstəlikləri) hərarəti salmaq lazım gəlir. Qalan bütün hallarda hərarət 38 dərəcədən yuxarı olarsa, o zaman müdaxilə etmək lazımdır. Əgər hərarət düşmürsə, mexaniki üsullardan istifadə etmək olar. Bunun üçün ilıq duş (soyuq olmaz) almaq, iri damarlar olan nahiyələrə çox da soyuq olmayan tək qatlı isladılmış bintlərin qoyulması kimi üsullardan istifadə etmək lazımdır. Parasetamol uşaqlarda hər kiloqram çəkiyə 10-15 mq, yüksək temperatur davam edərsə, 4-5 saat aralıqlarla verilməlidir. Əks halda, qaraciyərdə funksiya pozğunluğuna, mədənin selikli qişasında qanamaya səbəb olub, vəziyyəti daha da ağırlaşdıra bilər", - deyə Tağıyev bildirib.
Mütəxəssis əlavə edib ki, əgər uşağın hərarəti varsa, 38 dərəcəni keçmədən düşürülməməlidir. Onun sözlərinə görə, parasetamol, bəzən də ibuprofen kimi dərmanlardan (ibuprofen də bəzi ciddi yan təsirlərə səbəb ola bilər və 1 yaşdan balaca uşaqlara verilməməlidir) uşağın kilosuna uyğun dozada, ən tezi 4-5 saat aralıqlarla verilməlidir:
"Uşaqlara bol maye verilməli, xəstəlik səbəbi ilə onsuz da maye qəbulu az olan hallarda lazım gələrsə, damardan yaşına uyğun maye köçürülməlidir. Susuzluq zamanı ağızdan verilən hərarət salıcı dərmanlar daha zəif təsir edir. Əgər bütün bunlara rəğmən hərarət düşmürsə, mütləq mexaniki üsullarla salınmalıdır. Bir neçə fərqli forma dərman preparatlarını eyni zamanda istifadə etmək olmaz (məsələn həm ağızdan, həm də şam kimi düz bağırsaqdan) bu mədə qanamasına və qaraciyər funksiyalarının ciddi pozulmasına səbəb ola bilər. Eləcə də, öskürək də qoruyucu bir funksiya olduğu üçün dərhal öskürək üçün dərman vermək uyğun deyildir. Sadəcə ağır, sıx təkrarlayan, boğulmaya səbəb olan öskürəklərdə həkim müayinə edərək dərman seçimi eləməlidir".
Mütəxəssis vurğulayıb ki, uşaqlar yaşdan asılı olaraq gündə ən az 1-2 litr su içməli, mövsüm meyvə-tərəvəzlərindən istifadə etməli, qışda meyvə quruları yeməli, qidalarında zülal, yağ, karbohidrat, lif tərkibli balanslaşdırılmış qidalara yer verməlidilər:
"Mütəmadi olaraq açıq havada hərəkət etməli, 4 yaşa qədər ekran qarşısında oturmamalıdırlar. Eyni zamanda, "fast-food" qidalardan mümkün qədər az istifadə tövsiyə olunur".