DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

"Bloomberg": "Ukraynanın Aİ-yə daxil olmasını sürətləndirmək həyati əhəmiyyət kəsb etmir"

"Bloomberg"in məlumatına görə, Aİ-nin mövcud üzvlərinin çoxu prosesi sürətləndirmək istəmir, bəziləri isə bu ideyanın dayandırılmasının tərəfdarıdır.
Sputnik
BAKI, 14 fevral — Sputnik. Ukraynanın Avropa İttifaqına (Aİ) daxil olması ilə bağlı danışıqlar prosesinin sürətləndirilməsi həyati və ya təcili məsələ deyil, bu, münaqişənin gərginləşməsinə səbəb ola bilər. Bu barədə "Bloomberg" agentliyi yazıb.
"Silah və texnikanın tədarükünün davam etdirilməsi təcili və həyati əhəmiyyət kəsb edir, lakin Aİ-yə üzvlük danışıqlarını sürətləndirmək vacib deyil. Əslində, bu, təhlükəli diqqət yayındırmadır. Təhlükənin nə olduğunu nəzərə alsaq, daha da irəli getmək və Ukraynanın Aİ-yə daxil olmaq fəaliyyətinin sürətləndirilməsini istəmək başa düşüləndir. Lakin bu, münaqişənin genişlənməsinə gətirib çıxara bilər", - məqalədə deyilir.
"Bloomberg"in məlumatına görə, Aİ-nin mövcud üzvlərinin çoxu prosesi sürətləndirmək istəmir, bəziləri isə bu ideyanın dayandırılmasının tərəfdarıdır.
"Beləliklə, bu məsələ ittifaqı hazırkı vaxtda parçalaya bilər. Bu təhlükə Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayenin Ukraynanın müraciətini irəli sürmək istəyi ilə daha da güclənir", - məqalədə qeyd olunur.
Məqalə müəlliflərinin fikrincə, Ursula fon der Lyayen dövlət qulluqçusudur və onun fəaliyyəti bir çox siyasətçilərlə fikir ayrılığına səbəb ola bilər.
Daha əvvəl "Financial Times" Ukraynanın Avropa və Avro-Atlantika inteqrasiyası üzrə baş nazirin müavini Olqa Stefanişinaya istinadən yazıb ki, Kiyev bəzi Avropa ölkələrinin Ukraynanın Aİ-yə daxil olması ilə bağlı hər hansı qərar qəbul etməyə məcbur edilmək istəmədiyini etiraf edir.
Bundan əvvəl Avropa Komissiyasının Ukraynanın Aİ-yə daxil olma prosesinə hazırlığının qiymətləndirilməsi ilə bağlı dərc etdiyi çoxsəhifəli analitik hesabatda bildirilirdi ki, Ukrayna bütövlükdə ittifaqa daxil olmaq üçün hələ ilkin hazırlıq səviyyəsindədir.
Zelenski ötən il fevralın 28-də Ukraynanın Aİ-yə daxil olması üçün ərizə imzalayıb. Avropa İttifaqının dövlət və hökumət başçıları iyunun 23-də Brüsseldə keçirilən sammitdə Ukrayna və Moldovaya ittifaqa üzv olmaq üçün namizəd statusunun verilməsini təsdiqləyiblər. Danışıqlara başlamaq üçün ölkələr bir sıra şərtləri, o cümlədən islahatlar və korrupsiyaya qarşı mübarizənin gücləndirilməsini yerinə yetirməlidir.
Namizəd statusunun əldə edilməsi Aİ-yə daxil olmaq üçün kifayət qədər uzun bir dövrün başlanğıcıdır. Türkiyə 1999-cu ildən, Şimali Makedoniya 2005-ci ildən, Monteneqro 2010-cu ildən, Serbiya isə 2012-ci ildən namizəddir. Xorvatiya 2013-cü ildə Aİ-yə daxil olan sonuncu ölkə olub və bu, on illik prosesdir.