BAKI, 14 fevrakl - Sputnik. Azərbaycan ilə Özbəkistan arasında ticarət dövriyyəsi son altı ildə 7 dəfə, son bir ildə isə iki dəfə artıb. Bunu Özbəkistanın Azərbaycandakı səfiri Bahrom Əşrəfxanov bildirib.
Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində I Özbəkistan-Azərbaycan Regionlararası Forumunun iştirakçılarının qarşısında duran təxirəsalınmaz vəzifələr mövzusunda Bakı-Daşkənd videokörpüsü keçirilib.
Özbəkistanın Bakıdakı səfirliyinin nümayəndələrinin də qatıldığı tədbirdə iki ölkənin politoloqları və iqtisadçıları iştirak ediblər.
Özbəkistanın səfiri çıxışında qeyd edib ki, videokörpü dövlətlər arasında unikal və mühüm hadisədir, çünki o, iki ölkənin ticarət-iqtisadi fəaliyyəti üzrə ekspertlər arasında dialoqu dərinləşdirmək üçün nəzərdə tutulmuş yeni kommunikasiya mexanizmini işə salacaq.
Bundan başqa, Əşrəfxanov qeyd edib ki, ölkələr arasında ticarət dövriyyəsində əhəmiyyətli artım var - son altı ildə bu, 7 dəfə, son bir ildə isə iki dəfə artım qeydə alınıb.
I Özbəkistan-Azərbaycan Regionlararası Forumu
© Sputnik / Murad Orujov
Diplomatın sözlərinə görə, son illər ölkələr arasında müxtəlif səviyyələrdə qarşılıqlı mübadilə intensivləşib və bu, əlaqələrə təkan verir.
Azərbaycanla Özbəkistan arasında münasibətlər yüksələn xətlə inkişaf edir
Özbəkistan Xarici İşlər Nazirliyi yanında Beynəlxalq Münasibətlər üzrə İnformasiya və Analitik Mərkəzin direktoru Donier Kurbanov bildirib ki, iki ölkə arasında ticari-iqtisadi əməkdaşlıq hazırda yüksəlişdə olan strateji ikitərəfli münasibətlərin mühüm tərkib hissəsidir.
“Bu münasibətlərin ən mühüm hərəkətverici qüvvəsi iki ölkə liderləri arasında dostluq və etimad əsasında dialoqdur”, - ekspert qeyd edib.
Ticarət əlaqələrindən danışan mərkəzin direktoru bildirib ki, 2017-ci ildə Azərbaycanla Özbəkistan arasında ikitərəfli ticarət dövriyyəsi 32 milyon dollardan bir qədər çox, ötən il isə 180 milyon dollar təşkil edib.
Onun sözlərinə görə, ötən ilin avqustunda Azərbaycan və Özbəkistan arasında əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın 11-ci iclası zamanı mühüm məsələlər razılaşdırılıb.
Özbəkistanın siyasətinin üç əsas istiqaməti
Azərbaycanın STEM analitik mərkəzinin direktoru Orxan Yolçuyev hesab edir ki, iki ölkə arasında əlaqələrin böyük inkişaf potensialı var və bu, hələ tam reallaşmayıb. Ekspert qeyd edib ki, Özbəkistanın dünya miqyasında nüfuzu son illərdə üç əsas məqsədi güdən açıqlıq siyasəti sayəsində artıb.
STEM analitik mərkəzinin direktoru Orxan Yolçuyev
© Sputnik / Murad Orujov
Onun fikrincə, birinci məqsəd mərkəzlə periferiya arasında harmoniyadır.
“Hökumət dövlətlə millət arasında möhkəm zəmin yaradıb ki, bu da xalqın rifahına müsbət təsir edir”, - deyə Yolçuyev izah bildirib.
Onun göstərdiyi ikinci məqsəd Özbəkistanın beynəlxalq əlaqələri və ümumiyyətlə, ölkənin konstruktiv xarici siyasətidir. Mərkəzin direktorunun sözlərinə görə, Özbəkistan böhran və gərgin vəziyyətlərdə təşəbbüslərlə çıxış edə biləcəyini göstərib.
Yolçuyev onu da qeyd edib ki, Özbəkistan hakimiyyətinin üçüncü məqsədi xarici əlaqələrdə açıqlıq siyasətidir ki, bu da respublikanı Mərkəzi Asiyada mühüm oyunçuya çevirir. Onun fikrincə, bu gün Özbəkistan üçüncü intibah dövrünü yaşayır.
Neft-qaz sektorunda ölkələrin qarşılıqlı fəaliyyəti
İqtisadiyyat İnstitutunun aparıcı elmi işçisi, iqtisad elmləri namizədi Emin Məmmədzadə hesab edir ki, iki ölkə arasında qarşılıqlı əməkdaşlıq bundan sonra da genişlənəcək. Onun sözlərinə görə, iki ölkə arasında iqtisadi əməkdaşlığın əsas istiqamətləri sənaye istehsalı, neft-qaz layihələri və turizm kimi sahələrdir.
İqtisadiyyat İnstitutunun aparıcı elmi işçisi, iqtisad elmləri namizədi Emin Məmmədzadə
© Sputnik / Murad Orujov
“Azərbaycanda Cənub Qaz Dəhlizinin (CQD) genişləndirilməsi ilə bağlı intensiv danışıqlar aparılır. Azərbaycan yaxın illərdə qaz tədarükünü ən azı iki dəfə artırmaq niyyətindədir və ola bilsin ki, respublikanın mövcud infrastrukturu Özbəkistan üçün də faydalı olacaq", - deyə ekspert bildirib.
O izah edib ki, Özbəkistanda çoxlu sayda neft yataqları var və onlar da təbii qazla zəngindir. Məmmədzadə bu kontekstdə azərbaycanlı mütəxəssislərin Özbəkistanın neft-qaz sektorundan olan həmkarları ilə əməkdaşlıq edə biləcəyini təklif edib.
Bundan başqa, ekspert əlavə edib ki, Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpasında Özbəkistanın iştirakı məsələsi də vacibdir. Artıq razılıq əldə olunub ki, Özbəkistan Füzuli rayonunda orta məktəb tikməyi öhdəsinə götürüb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.