TƏHSİL

Türkiyədə təhsil alan tələbələr Azərbaycan universitetlərinə köçürülə bilərmi?

Nazir bildirib ki, əgər tələbə attestatla qəbul olunubsa, burada keçid balını yığmayıbsa, yəni meyara uyğun deyilsə, bu halda köçürmə həyata keçirilmir.
Sputnik
BAKI, 13 fevral — Sputnik. Elm və təhsil naziri Emin Əmrullayev Türkiyədə zəlzələ bölgəsində təhsil alan tələbələrin Azərbaycan universitetlərinə köçürülməsi məsələsinə aydınlıq gətirib.
Nazir deyib ki, bu məsələ Ukraynada müharibə başlayanda da gündəmə gəlib.
E.Əmrullayev qeyd edib ki, Azərbaycanda ali təhsil müəssisələrinə tələbələrin köçürülməsi qaydası var:
"Bu, subyektiv rəy əsasında, kiminsə fikri ilə tənzimlənmir. Köçürülmə də həmin qaydalara əsasən tənzimlənir. Müvafiq qaydalara görə, tələbə müraciət edirsə, onların meyarları uyğun gəlirsə, belə tələbələri köçürürük. Yəni buradakı imtahanda topladığı balla arzu etdiyi ixtisas uyğundursa, oraya SAT, İELTS və digər müxtəlif qiymətləndirmə vasitələri ilə qəbul olunubsa, təhsil aldığı universitetin orta göstəricisi yüksəkdirsə, təbii ki, biz hər zaman Azərbaycan vətəndaşlarının ölkəyə geri qayıtmasına normal baxmışıq. Amma əgər tələbə attestatla qəbul olunubsa, burada keçid balını yığmayıbsa, yəni meyara uyğun deyilsə, bu halda biz köçürməni həyata keçirmirik".
Nazir qeyd edib ki, ilkin mərhələdə əsas məqsəd Türkiyədəki tələbələrimizlə bağlı informasiyanı düzgün tapmaq və çatdırmaqdır:
"Həmin tələbələr Türkiyədə yerləşən universitetlərin tələbələridir. Sonrakı mərhələdə onların təhsili davam etdirmələri ilə bağlı məsələləri müvafiq qaydada tənzimləyəcəyik".
TƏHSİL
İsraillə əməkdaşlıq Azərbaycan təhsilini əhəmiyyətli dərəcədə inkişaf etdirəcək - nazir