BAKI, 13 fevral — Sputnik. Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova ilə görüşündə "Dağlıq Qarabağdakı" vəziyyətin həllinə Avropa strukturlarını, xüsusən də Avropa Parlamenti və AŞPA-nı cəlb etmək cəhdlərinə qarşı xəbərdarlıq edib.
"Gəlin ondan çıxış edək ki, dövlət başçıları - Azərbaycan, Ermənistan və Rusiya Federasiyası səviyyəsində qəbul edilmiş qərarlar var. Biz bunu rəhbər tutacağıq və öz tərəfimizdən bu sazişlərin yerinə yetirilməsini təmin etmək üçün hər şeyi edəcəyik. Avropa institutları istiqamətində bəyanatlar verənlər isə sadəcə olaraq ölkəni itirə bilərlər", – deyə Volodin bildirib.
Duma spikerinin fikrincə, AŞPA və Avropa Parlamentinin cəlb olunması vəziyyəti gərginləşdirəcək, getdikcə daha çox yeni problemlər yaradacaq və əgər bunu edərlərsə, bunun nəticələrinə görə məsuliyyət daşımalıdırlar.
Sahibə Qafarova Azərbaycanın bu məsələnin həllində Rusiya prezidenti Vladimir Putinin rolunu yüksək qiymətləndirdiyini bildirib.