BAKI, 13 fevral — Sputnik. Dünya birjalarında neft qiymətləri ucuzlaşıb.
London birjasında "Brent" markalı neftin qiyməti 0,94 dollar azalaraq 85,45 dollar olub. Nyu-York birjasında "Light" markalı neftin qiyməti isə 0,92 dollar ucuzlaşaraq 78,8 dollar təşkil edib.
Qeyd edək ki, qlobal iqtisadi tənəzzül və Çində iqtisadi canlanmanın dayanacağı ilə bağlı narahatlıqlar həftənin əvvəlində neft qiymətlərini ucuzlaşdırıb. Bu həftə ABŞ-ın inflyasiya göstəriciləri açıqlanacaq və bazarlar bunu diqqətlə izləyir.
Neft qiymətləri keçən həftə kəskin yüksəlib. Bu, Rusiyanın neft hasilatını gündə 500 min barel azaldacağını elan etməsindən sonra baş verib. Bununla belə, qlobal iqtisadi yavaşlama ilə bağlı qeyri-müəyyənlik bu həftə qiymətlərə təsir edib. Bu tendensiya ABŞ Mərkəzi Bankını yenidən faiz dərəcələrini artırmağa sövq edə bilər.
Xatırladaq ki, ötən həftənin sonunda Azərbaycan neftinin qiyməti 2,34 dollar artaraq 88,7 dollar olub.
Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 50 ABŞ dollarından hesablanıb.
"Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.