RUSİYA

Milli Məclis və Rusiya Dövlət Duması arasında saziş imzalanıb

Dövlət Dumasının sədri vurğulayıb ki, Rusiya və Azərbaycan parlamentariləri prezidentlər Vladimir Putin və İlham Əliyev səviyyəsində qəbul edilən qərarların qanunvericiliklə təminatı üzərində işləməlidirlər.
Sputnik
BAKI, 13 fevral — Sputnik. Moskvada Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova ilə Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin arasında görüş keçirilib.
Görüş çərçivəsində Rusiya Dövlət Duması ilə Milli Məclis arasında əməkdaşlıq haqqında saziş imzalanıb.
Dövlət Dumasının sədri vurğulayıb ki, Rusiya və Azərbaycan parlamentariləri prezidentlər Vladimir Putin və İlham Əliyev səviyyəsində qəbul edilən qərarların qanunvericiliklə təminatı üzərində işləməlidirlər.
"Ölkələrimizin vətəndaşlarının gözlədiyi budur. Ölkələrimiz arasında əlaqələr dinamik inkişaf edir. Bu sürəti təmin edən, münasibətlərin inkişafı üçün güclü zəmin yaradan prezidentlərimizə minnətdarlığımı bildirməliyik", - Dövlət Dumasının sədri vurğulayıb.
Volodin bildirib ki, Sazişin bu gün imzalanması Dövlət Duması ilə Azərbaycan Respublikasının Milli Məclisi arasında qarşılıqlı fəaliyyətin yeni səviyyəsinə çıxmağa imkan verəcək əlamətdar hadisədir:
"Bizim üçün bu, nəinki çox vacib, həm də münasibətlərin qurulması istiqamətində məsuliyyətli addımdır, çünki söhbət yeni formatların tətbiqindən, onların konkret məzmunla doldurulmasından gedir. Saziş isə bu problemi həll etməlidir".
O, həmçinin müvafiq komitələr səviyyəsində qarşılıqlı fəaliyyətin daha fəal inkişaf etdirilməsinə çağırıb.
Sahibə Qafqarova isə görüşdə Azərbaycan ilə Rusiya Federasiyası arasında münasibətlərin ölkələrimiz arasında çoxəsrlik dostluq, mehriban qonşuluq, qarşılıqlı anlaşma və etimad əlaqələri əsasında inkişaf etdiyini söyləyib:
"Ən əsası odur ki, hər şey xalqlarımızın dostluğuna söykənir".
Milli Məclisin sədri ticarət dövriyyəsinin, eləcə də Rusiya Federasiyasının Azərbaycan iqtisadiyyatına yatırdığı investisiyaların həcminin artdığını qeyd edib, həmçinin iki ölkə arasında mədəni-humanitar sahədə qarşılıqlı əlaqələrin xüsusi rolunu vurğulayıb. Saqibə Qafarova xatırladıb ki, Azərbaycanda bir dənə də olsun rus məktəbi bağlanmayıb:
"340 rus məktəbi fəaliyyət göstərir, Azərbaycanın 27 universitetində rus dilində tədris aparılır. Rusiya Federasiyasında çox sayda azərbaycanlı tələbə var. Bu həm də xalqlarımız arasında, xüsusən də gənclərimiz arasında mövcud olan əlaqələrin göstəricisidir".
Milli Məclisin sədri Sazişin imzalanmasının iki ölkə arasında əlaqələrin hərtərəfli möhkəmlənməsinə töhfə verəcəyinə əminliyini ifadə edib.
Görüş zamanı Vyaçeslav Volodin onu da bildirib ki, bu il Dövlət Duması 2023-cü ildə yüz illiyi qeyd olunacaq Azərbaycanın ümummilli lideri Heydər Əliyevə həsr olunmuş sərgi keçirməyi planlaşdırır. O, sərginin may ayında keçirilə biləcəyini söyləyib.