CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Mənim üçün nə fərqi var, Çovdarov, Qurbanov, ya da Məmmədov" - Ali Məhkəmənin sədri

Ali Məhkəmənin sədri bildirib ki, biz gərək qanunu düzgün şərh edək, birinə qarşı bir cür, digərinə başqa cür edə bilmərik.
Sputnik
BAKI, 13 fevral — Sputnik. Ali Məhkəmənin sədri Ramiz Rzayev Milli Təhlükəsizlik Nazirliyinin (MTN) generalları Akif Çovdarov və Sübahir Qurbanovun əmlaklarının müsadirədən azad olunması ilə bağlı qərarlara münasibət bildirib.
Ramiz Rzayev APA-ya açıqlamasında deyib ki, sözügedən əmlaklar qanunun tələbinə uyğun olaraq müsadirədən azad olunub. Yəni, qeyd olunan əmlakların cinayət yolu ilə əldə olunmadığı və cinayətdə iştirakçı olmayan şəxslərə məxsus olduğu sübut edilib:
"Bu kimi hallarda istintaq orqanı tərəfindən müəyyən olunmalıdır ki, üzərinə həbs qoyulan əmlaklar oğurluq pulla alınıb, yoxsa şəxsin hər hansı qohumuna məxsusdur. Nə cinayət olursa olsun, biz qərar qəbul edərkən qanunu rəhbər tuturuq. Kimliyindən asılı olmayaraq, qanun qarşısında hamı bərabərdir. Biz deyə bilmərik ki, bu Çovdarovdu, bu başqasıdır, ona qanunu tətbiq etməyək. Mənim üçün nə fərqi var, Çovdarov, Qurbanov, ya da Məmmədov… Biz gərək qanunu düzgün şərh edək, birinə qarşı bir cür, digərinə başqa cür edə bilmərik. Dediyim kimi, biz qərar qəbul edərkən qanunu rəhbər tuturuq".
Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarovun cinayət işi ilə bağlı müsadirə olunmuş əmlaklar geri qaytarılıb.
Bu barədə Bakı Apellyasiya Məhkəməsi qərar qəbul edib.
Hakim Habil Məmmədovun sədrlik etdiyi hakimlər heyəti belə qənaətə gəlib ki, Bakı Hərbi Məhkəməsinin hökmü ilə müsadirə olunmuş əmlaklar sahiblərinə geri qaytarılmalıdır.
Bazar dəyəri 30 milyon manata yaxın qiymətləndirilmiş sözügedən əmlaklar Akif Çovdarovun ailə üzvlərinə məxsusdur.