SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Baş nazir Əli Əsədov Fuat Oktaya zəng edib

Telefon danışığı əsnasında Türkiyənin cənub-şərqində baş vermiş güclü zəlzələnin nəticələrinin aradan qaldırılması işlərinin gedişatı müzakirə edilib.
Sputnik
BAKI, 13 fevral — Sputnik. Azərbaycanın Baş naziri Əli Əsədov ilə Türkiyənin vitse-prezidenti Fuat Oktay arasında telefon danışığı olub.
Telefon danışığı əsnasında Türkiyənin cənub-şərqində baş vermiş güclü zəlzələnin nəticələrinin aradan qaldırılması işlərinin gedişatı müzakirə edilib, Azərbaycan xilasedicilərinin fəlakət bölgələrində axtarış-xilasetmə əməliyyatlarını fasiləsiz davam etdirdikləri xüsusi vurğulanıb.
F.Oktay zəlzələnin ilk saatlarından Türkiyəyə göstərilən mənəvi və humanitar dəstəyə, bu ağır fəlakətin nəticələrinin aradan qaldırılması və çətinliklərlə üzləşən insanlara yardım göstərilməsi üçün bütün imkanlarını səfərbər etdiyinə görə qardaş Azərbaycan dövlətinə və xalqına bir daha dərin təşəkkürünü bildirib.
Xatırladaq ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonu olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub. Güclü yeraltı təkanlardan sonra bölgədə 6,6 maqnitudayadək yüzlərlə afterşoklar qeydə alınıb. Təbii fəlakət Türkiyə və Suriyada böyük dağıntı və minlərlə itkilərə səbəb olub.
İki zəlzələ həmçinin Livan, Kipr, İraq, İsrail, İordaniya, İran və Misirdə hiss edilib.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölənlərin xatirəsini anmaq üçün ölkədə 7 günlük matəm elan edib. Bundan başqa, ölkənin zəlzələ baş verən 10 şəhərində 3 aylıq fövqəladə vəziyyət elan olunub.
Bu hadisə Türkiyədə 1939-cu ildən bəri qeydə alınan ən güclü zəlzələ kimi tarixə düşüb.