BAKI, 13 fevral — Sputnik. Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə ötən həftə daha 42 mina aşkarlayıb.
ANAMA-dan verilən məlumata görə, fevralın 6-dan fevralın 11-dək Tərtər, Ağdam, Xocavənd, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə mina aşkarlanmayıb, tank əleyhinə 42 mina və 118 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.
Nəticədə 250 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.
Ümumilikdə işğaldan azad edilmiş ərazilərdə Vətən müharibəsindən indiyədək minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən 81 mindən çox mina və partlamamış hərbi sursat aşkarlanıb, onlardan 14 minə yaxını tank əleyhinə minalardır.