CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda binalarda seysmik pərdələr varmı?

Daşınmaz əmlka üzrə ekspertin sözlərinə görə, binaların alt mərtəbələrinin qeyri-yaşayış sahəsi olması onun zəlzələyə davamlı olmayacağından xəbər vermir.
Sputnik
BAKI, 13 fevral — Sputnik. Türkiyənin inşaat mühəndisi Hüseyin Özdəmir bildirib ki, divarlar binada dayanıqlılıq baxımdan rol oynamır, bu sadəcə mənzilləri, otaqları bir-birindən ayırmaq üçündür. Onun sözlərinə görə binalarda dayanıqlılığı artıran əsas nüans seysmik pərdələrdir. Seysmik pərdələr olmadıqda, binanın çökmə ehtimalı daha yüksəkdir.
Mühəndis deyir ki, binaların alt qatında mütləq şəkildə sütunlar olmalıdır, əks halda binanın dayanıqlılığı olmaz.
"Binanı saxlayan alt mərtəbədəki sütunlardır. Yəni, obyekt olaraq istifadəyə verilən ilk 1-3 mərtəbələrdə sütunlar olmazsa, yaxud da az olarsa, daha yuxarı mərtəbələrdə sütunların olması təhlükənin qarşısını almış olmayacaq", - mütəxəssis deyib.
Seysmik aktivliyin ən çox müşahidə olunduğu, binaların daha sıx və çoxmərtəbəli olduğu, dünyadakı aktiv vulkanların 10 faizinin olduğu fay xətlərinin (qırılma xətlərin) üzərində yerləşən Yaponiyada hər il 1500-ə yaxın zəlzələ baş verir, tələfat isə minimum olur. Bunun da əsas səbəbi tikintidə bu amillərə xüsusi nəzarətin olması, seysmik pərdələrin olması, son illərdə tikinti ilə bağlı tələblərin daha da sərtləşdirilməsi ilə izah edilir.
Bəs, Azərbaycanda binaların qeyri-yaşayış sahələrində vəziyyət necədir, seysmik pərdələr varmı?
Daşınmaz əmlak və inşaat üzrə ekspert Elnur Azadov Sputnik Azərbaycan-a açıqamasında deyib ki, 2006-cı ildən etibarən inşa olunan yaşayış fondu əmlak bazarının 95 faizini təşkil edir. Odur ki, Azərbaycanda istər seysmik pərdələr, istərsə də binanın alt qatı və sonrakı qatları ilə bağlı vəziyyətə ciddi nəzarət var:
"Binalar inşa olunarkən hər mərtəbədən laboratoriya nümunələri götürülür, onlara uyğun rəylər verilir, sənədlər toplanılır. Bina istismara verilməzdən öncə də həmin rəylərdən istifadə olunur. Yəni, layihədən kənar işlər görülübsə, onlar da təhlil edilir. Bu səbəbdən də deyərdim ki, yeni tikililərdə istismara qəbul olunan binalarda heç bir risk yoxdur".
O qeyd edir ki, binalarda adi sütunlardan başqa, diafraqmalı seysmik pərdələr olur ki, bu da binaları çökmədən qoruyur: "Müşahidə etdiyim yaşayış binalarının hamısında bu seysmik pərdə var. Bununla bağlı tələblər mövcuddur. Bu tələblərə əməl olunmadıqda, həmin binalar istismara qəbul edilmir. Ümumiyyətlə, binalarda seysmik pərdələr nə qədər çoxdursa, dayanıqlılıq da bir o qədər artır".
Onun sözlərinə görə, obyektlərin alt mərtəbələrində də seysmik pərdə var.
Tikinti, daşınmaz əmlak üzrə digər ekspert Elnur Fərzəliyev də Sputnik Azərbaycan-a açıqlamasında deyib ki, Azərbayanda hər tikilən binanın təxminən 70 faizi beton və armaturlardan ibarətdir. Hər mərhələdə aidiyyəti qurumlar tərəfindən yoxlama aparılır, mərtəbələr qaldırılan zaman betonun, armaturun keyfiyyəti, ölçüləri yoxlanılır. Binaların alt mərtəbələrinin qeyri-yaşayış sahəsi olması, onun zəlzələyə davamlı olmayacağından xəbər vermir:
"Bütün mərtəbələrdə sütunlar, kolonlar tikilir, onların daşıyıcı yükləri, ölçüləri bəlli olur. Ehtiyatlı olmaq lazımdır, bütün böyük kənd və qəsəblərdə monitorinqlər aparılmalıdır, çoxmənzilli binalarla bağlı rəylər verilməlidir ki, hansı binalar sökülə bilər".
Daşınmaz əmlak üzrə digər ekspert Nüsrət İbrahimov Sputnik Azərbaycan-a seysmik pərdələrlə bağlı hər hansı problemin olmadığını bildirib:
"Azərbaycanda hündürmərtəbəli tikililərin həm yaşayış, həm də qeyri-yaşayış hissəsində seysmik pərdələr olur. Yəni, Azərbaycanda hündüürmərtəbəli tikililərdə bu məsələ həllini tapıb. Fövqəladə Hallar Nazirliyi də bütün binaların dayanıqlılığını yoxlayıb. Bundan başqa, hər mərtəbə təhvil verilmədən, yoxlanılmadan növbəti mərtəbənin tikintisinə icazə verilmir".
"Azərbaycanda maksimum 8 ballıq zəlzələ baş verir, bu səbəbdən də binalar 9 ballıq zəlzələyə davamlı tikilir", - deyə o, əlavə edib.
Ekspert bildirir ki, başqa amillər də binanın dayanıqlılığına təsir edir. Binanın dayanıqlılığı həm də onun yerləşdiyi quruntdan asılıdır. Tikilinin yerləşdiyi quruntun bərk, ətraf ərazinin sıxlığının yüksək olması amilləri binanın dayanıqlılığına mənfi təsir edir:
"Dayanıqlılıq həm də zəlzələnin növündən asılıdır. Düz xətt üzrə zəlzələ baş verdikdə, bina dayanıqlı olur. Lakin eninə zəlzələ, xüsusən də dayanıqlılığı aşağı olan binalar üçün təhlükəlidir"
Ekspert Bakıda ikinci növ zəlzələ baş verdikdə binaların dayanıqlılığını göstərdiyini də xatırladıb.
Ekspertlərin ümumi qənaəti belədir ki, Türkiyədə baş verən zəlzələ Azərbaycanda da təkrarlanarsa, hündürmərtəbəli binalarda tələfat gözlənilmir.
Yaponiya təcrübəsi nə deyir?
Yaponiyanın bir çox bölgəsində torpaq qatı bina tikmək uyğun olmadıqda belə, həmin ərazidə xüsusi araşdırma aparılır, torpağın daha da yaxşılaşdırılması üçün uzunmüddətli tədbirlər görülür.
Binaların təməli zəif qruntlarda qoyularkən 60-70 metr dərinliyində dirəklər vurulur. Tikilinin demək olar ki, üçdə biri yerin altında qalır və binanın əsas ağırlıq yükü bərk qrunt təbəqələrinə ötürülür.