BAKI, 12 fevral - Sputnik. Rusiyanın Səudiyyə Ərəbistanındakı səfiri Sergey Kozlov bildirib ki, Rusiya ilə Səudiyyə Ərəbistanı arasında ticarət dövriyyəsinin artması üçün ilkin şərtlər var.
Belə ki, hər iki ölkə bu dövriyyəni 5 milyard dollara çatdırmaq niyyətindədir. Bu barədə RİA Novosti xəbər verir.
Səfirin sözlərinə görə, iki dövlətin ticarət-iqtisadi əlaqələrində müsbət dinamika mövcuddur, baxmayaraq ki, ilkin məlumatlara görə, 2022-ci ilin yanvar-noyabr ayları arasında Rusiya-Səudiyyə Ərəbistanı ticarət dövriyyəsinin dəyər həcmi bir qədər azalıb.
"Bizim fikrimizcə, 2023-cü ildə gələcək artım üçün yaxşı ilkin şərtlər var", - səfir bildirib.
O, həmçinin Səudiyyə Ərəbistanının qlobal və regional oyunçu kimi artan rolunu da qeyd edib.
Bu yaxınlarda Sergey Kozlov bildirib ki, Moskvanın Ər-Riyadla münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə çata bilər. Onun sözlərinə görə, əksər beynəlxalq problemlər üzrə ölkələrin mövqeləri üst-üstə düşür.
O, həmçinin Səudiyyə Ərəbistanı ilə hərbi-texniki əməkdaşlığın genişləndiyini açıqlayıb.