İQTİSADİYYAT

Almaniya şirkətləri Azərbaycan sənayesinə hansı töhfələri verəcək?

Almaniya şirkətləri Azərbaycanda infrastruktur və investisiya layihələrində iştiraka dəvət olunub.
Sputnik
BAKI, 12 fevral — Sputnik. Azərbaycan və Almaniya arasında iqtisadi-ticarət əlaqələrinin gücləndirilməsi, ölkəmizdə yaradılan sənaye parklarında, Ələt Azad İqtisadi Zonasında Almaniya şirkətlərinin iştirakı imkanları, alternativ enerji, nəqliyyat sahəsində əməkdaşlığın inkişafı, təcrübə mübadiləsininin genişləndirilməsi müzakirə edilib.
Bu barədə İqtisadiyyat Nazirliyi məlumat yayıb.
Bildirilir ki, Almaniyanın paytaxtı Berlində Azərbaycan-Almaniya Ticarət və İnvestisiyalar üzrə Yüksək Səviyyəli İşçi Qrupunun 9-cu iclası keçirilib. İclasa Azərbaycan tərəfdən iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov, Almaniya tərəfindən isə Federal İqtisadiyyat və İqlim Mühafizəsi Nazirliyinin ticarət üzrə direktoru Dominik Şnixels həmsədrlik edib.
İclasda qlobal iqtisadiyyatın çətin sınaqlardan keçdiyi şəraitdə Azərbaycan iqtisadiyyatının davamlı inkişafı istiqamətində həyata keçirilən struktur və institusional islahatlar, 2030-cu ilədək hədəflər barədə məlumat verilib, görülən işlərin ölkəmizin investisiya cəlbediciliyini artırdığı diqqətə çatdırılıb. Vurğulanıb ki, Azərbaycan və Almaniya arasında ticarət, investisiya, sahibkarlıq, nəqliyyat, sənaye, insan resursları sahəsində əlaqələrin möhkəmlənməsi və yeni istiqamətlərdə tərəfdaşlıqların qurulması üçün böyük potensial var. İclasda işğaldan azad olunmuş Azərbaycan ərazilərində biznes imkanları da diqqətə çatdırılıb, Almaniya şirkətləri infrastruktur və investisiya layihələrində iştiraka dəvət olunub.
Dominik Şnixels Azərbaycan-Almaniya Yüksək Səviyyəli İşçi Qrupunun 9-cu iclası çərçivəsində müzakirə edilən məsələlərin ikitərəfli iqtisadi-ticarət əlaqələrinin inkişafında əhəmiyyətli olacağını qeyd edib, iqtisadi əməkdaşlığın genişləndirilməsi perspektivlərinə dair fikirlərini bölüşüb.
Almaniyaya səfər çərçivəsində Berlində Almaniya-Azərbaycan “Menecerlərin ixtisasının artırılması“ proqramının Müşahidə Şurasının 3-cü iclası keçirilib, proqram çərçivəsində görülən işlər barədə fikir mübadiləsi aparılıb. İclasda 2009-cu ildən uğurla həyata keçirilən Almaniya-Azərbaycan “Menecerlərin ixtisasının artırılması“ proqramının Azərbaycan sahibkarlarına inkişaf üçün əlavə imkanlar açdığı vurğulanaraq, 500-dən çox sahibkar və menecerin proqramdan yararlandığı diqqətə çatdırılıb.
Səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti “Adlershof” Texnologiya Parkı ilə tanış olub.