BAKI, 11 fevral - Sputnik. Suriya prezidenti Bəşər Əsəd zəlzələ ilə bağlı göstərdiyi dəstəyə görə Rusiya dövlətinə və xalqına minnətdarlığını bildirib.
TASS müxbiri ilə söhbətində o, Suriyaya yardım etməyə gələn rusları salamladığını bildirib.
“Biz təəccüblənmirik, hamımız dostuq, eyni dəyərləri paylaşırıq, onlar Suriyaya terrorla mübarizədə dəstək veriblər və indi də bu fəlakətdə Suriyaya dəstək verirlər. Ona görə də biz təkcə Rusiya hökumətinə deyil, həm də ruslara öz minnətdarlığımızı çatdırmaq istərdik. Çox sağ olun", - deyə prezident bildirib.
Qeyd edək ki, Rusiya qüvvələrinin Suriyadakı hərbçiləri güclü zəlzələnin nəticələrinin aradan qaldırılmasına yardım edir, o cümlədən dağıntıların çıxarılmasında sakinlərə kömək edir.
Müxalifətin nəzarətində olan ərazilərdə ölənlərin sayı daha çoxdur. Bəşər Əsədə sadiq qüvvələrin nəzarətində olan ərazilərdə minlərlə insanın həlak olduğu bildirilib.
Xatırladaq ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonu olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub. Güclü yeraltı təkanlardan sonra bölgədə 6,6 maqnitudayadək yüzlərlə afterşoklar qeydə alınıb. Təbii fəlakət Türkiyə və Suriyada böyük dağıntı və minlərlə itkilərə səbəb olub.
İki zəlzələ həmçinin Livan, Kipr, İraq, İsrail, İordaniya, İran və Misirdə hiss edilib.