AZƏRBAYCAN XƏBƏRLƏRİ

Azərbaycanla sevincimiz də, kədərimiz də, zəfərlərimiz də birdir - Çavuşoğlu

Bu gün Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və türkiyəli həmkarı Mövlud Çavuşoğlu və Türkiyənin daxili işlər naziri Süleyman Soylu Kahramanmaraş şəhərində qardaş ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) Kriz Mərkəzinə gediblər.
Sputnik
BAKI, 11 fevral — Sputnik. Türkiyədə baş vermiş zəlzələ ilə bağlı səfərdə olan Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və türkiyəli həmkarı Mövlud Çavuşoğlu və Türkiyənin daxili işlər naziri Süleyman Soylu Kahramanmaraş şəhərində qardaş ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) Kriz Mərkəzinə gediblər. Hər iki nazir mərkəzini ziyarət edib, zəlzələ bölgəsindən vətəndaşların xilas edilməsi, təxliyəsi, həmçinin zəlzələnin nəticələrinin aradan qaldırılması istiqamətində görülən işlərlə tanış olub.
Bundan başqa, Kahramanmaraşda hər iki nazirin iştirakı ilə mətbuat konfransının keçiriləcəyi nəzərdə tutulub.
Ceyhun Bayramov və Mövlud Çavuşoğlu
Qeyd edək ki, bu gün Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkiyədə baş vermiş zəlzələ ilə bağlı qardaş ölkənin Kahramanmaraş şəhərinə gedib.
"Azərbaycan fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev də zəlzələ bölgəsindədir, axtarış-xilasetmə qruplarına rəhbərlik edir”.
APA xəbər verir ki, bunu Kahramanmaraşda Azərbaycan XİN rəhbəri ilə birlikdə səfərdə olan Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu deyib.
“Sağ olsun qardaşlarımız çox kömək edirlər. Azərbaycanla sevincimiz də, kədərimiz də, zəfərlərimiz də birdir”, – deyə o bildirib.
“Türkiyə dövləti indiyə qədər qarşıya qoyduğu bütün hədəflərə necə çatıbsa, zəlzələnin fəsadlarının aradan qaldırılması istiqamətində də hədəflərinə çatacaq”.
Bunu Kahramanmaraşda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu ilə birlikdə zərərçəkmişlərlə görüşündə deyib.
Nazir bildirib ki, bu, təbii ki, ağır sınaqdır: “Əminəm ki, bunun öhdəsindən birlikdə gələcəyik”.
Xatırladaq ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonu olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub. Zəlzələ nəticəsində həlak olanların sayı 20 665 nəfərə çatıb, 80 088 nəfər yaralanıb. Güclü yeraltı təkanlardan sonra bölgədə 6,6 maqnitudayadək yüzlərlə afterşoklar qeydə alınıb. Təbii fəlakət Türkiyə və Suriyada böyük dağıntı və minlərlə itkilərə səbəb olub.
İki zəlzələ həmçinin Livan, Kipr, İraq, İsrail, İordaniya, İran və Misirdə hiss edilib.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölənlərin xatirəsini anmaq üçün ölkədə 7 günlük matəm elan edib. Bundan başqa, ölkənin zəlzələ baş verən 10 şəhərində 3 aylıq fövqəladə vəziyyət elan olunub.
Bu hadisə Türkiyədə 1939-cu ildən bəri qeydə alınan ən güclü zəlzələ kimi tarixə düşüb.