RUSİYA

Zaxarova: Moskva Bakı, İrəvan və Tbilisi arasında üçtərəfli dialoqu alqışlayacaq

"Bu dialoq Cənubi Qafqazda ziddiyyətlərin həllinə, regionda sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsinə töhfə verəcəksə, biz bunu ancaq alqışlaya bilərik".
Sputnik
BAKI, 10 fevral — Sputnik. Moskva Bakı, İrəvan və Tbilisi arasında üçtərəfli dialoqu Qərbin dağıdıcı təsirinə məruz qalmasa, alqışlayacaq.
Bunu cümə günü keçirdiyi brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
"Əgər Bakı, İrəvan və Tbilisi arasında üçtərəfli dialoq Cənubi Qafqazda ziddiyyətlərin həllinə, regionda sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsinə töhfə verəcəksə, biz bunu ancaq alqışlaya bilərik. Lakin bu təşəbbüsün arxasında Rusiya, Ermənistan və Azərbaycan liderlərinin üçtərəfli razılaşmalarının icrasına xələl gətirməyə çalışan Vaşinqton və Brüsselin konturları hansısa formada görünürsə, bu, başqa söhbətdir".
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bildirmişdi ki, Ermənistan Cənubi Qafqaz ölkələrinin üçtərəfli dialoqunun inkişafında maraqlıdır, Tbilisi platforması İrəvan tərəfindən üçtərəfli müzakirələr sferasında nəzərdən keçirilir.
Yanvarın 19-da Azərbaycan Prezidenti İlham Əliyev Davosda (İsveçrə) Dünya İqtisadi Forumunda "Avrasiya Orta Dəhlizi: cığırdan magistral yola" mövzusunda panel müzakirəsi zamanı demişdi ki, Gürcüstanla birgə etdiyimiz təklif Ermənistan tərəfindən rədd edilib.