BAKI, 10 fevral — Sputnik. Fevralın 6-da qardaş Türkiyədə baş vermiş zəlzələdə Azərbaycan xalqı həmrəylik nümayiş etdirir. Televiziyalar "efir setkası"ndan əyləncəli şou proqramları uzaqlaşdırdı. Bəs görəsən, kinoteatrlar, konsert salonları və teatrlar televiziyalarımızn atdığı örnək addımı atıblarmı?
İlk örnək addımı "Park Cinema" kinoteatrlar şəbəkəsi atıb. "Park Cinema" şəbəkəsinin mətbuat katibi Səbinə Bağırovanın verdiyi məlumata görə, fevralın 7-də keçirilməsi planlaşdırılan "Geri dönənlər" filminin imza günü və "Evdə qalmış" qala gecəsi qardaş Türkiyədə baş vermiş təbii fəlakətlə əlaqədər olaraq təxirə salınıb.
"CinemaPlus" kinoteatrlar şəbəkəsinin mətbuat xidmətinin rəhbəri Nərmin Həsənova bildirib ki, bütün komediya filmləri yığışdırlıb: "Fevralın 24-də də bir qala gecəmiz baş tutmalı idi. Biz onu təxirə salmışıq. Qala gecənin nə vaxt baş tutacağı hələlik məlum deyil".
Teatrlara gəldikdə isə Gənc Tamaşaçılar Teatrından verilən məlumata görə, Türkiyədə baş vermiş zəlzələ ilə bağlı teatrın repertuarında heç bir dəyişiklik olmayıb: "Fevral ayının repertuarı əvvəldən təyin olunub. Həmin tamaşaların da hər biri klassik dram əsərləridir. Yəni, onların heç birində komediya yoxdur".
Azərbaycan Dövlət Kukla Teatrınının da buaykı repertuarında əyləcəli tamaşalar yer almayıb: "Kukla Teatrında tamaşalar cümə, şənbə və bazar günləri olur. Teartrımızda uşaqların maariflənməsi və mənəvi tərbiyəsinə yönələn tamaşalar olduğundan və bu ay üçün ümumən hər hansı konsert, sosial-aksiya çərçivəsində sırf əyləncəli proqramımız olmadığından repertuarımızda da hər hansı dəyişiklik yoxdur".
Konsertlərə gəldikdə isə ölkənin ən böyük konsert salonu olan Heydər Əliyev Sarayında bu ay heç bir konsertin olacağı gözlənilmir.
Son vaxtlar yerli və dünya ulduzlarının səhnə aldığı Bakı Konqres Mərkəzində isə bu ay baş tutacaq konserlər hələlik təxirə salınıb. Mərkəzdən verilən xəbərə görə, fevral ayında konserti gözlənilən Mahsun Kırmızıgülün konserti marta təyin olunub.
Beynəlxalq Muğam Mərkəzində də konsertlər bir müddətlik təxirə salınıb.
Türkiyənin əfsanəvi "Anadolu Alovları" rəqs qrupunun konserti fevralın 8-də "Baku Crystal Hall"da baş tutmalı idi, ayın 19-na təxirə salınıb.
Azərbaycanın xalq artisti Ənvər Sadıqovun fevralın 7-də Gəncə Dövlət Filarmoniyasının səhnəsində baş tutmalı olan solo konserti təxirə salındı. Sözügedən konsert mayın 20-nə təyin edilib.
Türkiyəli müğənni Oykyu Gyurman fevralın 12-də Bakıda ilk solo konsertini verməyə hazırlaşsa da, faciə ilə əlaqədar onun da konserti təxirə salınıb. Tamaşanın dəqiq tarixi hələ məlum deyil.
Müğənni Sertab Erener fevralın 14-də Bakıda konsert verməli idi, lakin o da digər həmkarları kimi Türkiyədə baş verən faciə ilə bağlı konsertini qeyri-müəyyən müddətə təxirə salmaq qərarına gəlib.