FHN xilasediciləri dağıntılar altından 17 yaşlı oğlanı və 12 yaşlı qızı xilas edib - VİDEO

Azərbaycan xilasedicilərinin 86 və 89 saat sonra iki nəfəri xilas etməsinin görüntüləri yayılıb
Sputnik
BAKI, 10 fevral — Sputnik. Məlumat verildiyi kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən Türkiyədə olan Fövqəladə Hallar Nazirliyinin çevik xilasetmə qüvvələri qardaş ölkədə baş vermiş güclü zəlzələ ilə əlaqədar axtarış-xilasetmə əməliyyatlarını fasiləsiz davam etdirir.
FHN-dən verilən məlumata görə, əməliyyatlar çərçivəsində dünən Kahramanmaraşda FHN-in xilasedicilərinin şücaəti və peşəkarlığı sayəsində mürəkkəb xilasetmə əməliyyatı nəticəsində zəlzələdən sonra dağıntılar altında 86 saat qalmış (dünən Türkiyə vaxtı ilə saat 18:00 radələri) 17 yaşlı yeniyetmə oğlan və 89 saat sonra isə (Türkiyə vaxtı ilə saat 21:00 radələri) 12 yaşlı qız uşağı sağ xilas edilərək aidiyyəti üzrə təhvil verilib.
Axtarış-xilasetmə əməliyyatları davam etdirilir.
Qeyd edək ki, Türkiyədə zəlzələdə ölənlərin sayı 18 342 nəfərə çatıb.
Bu barədə AFAD məlumat yayıb.
Zəlzələ nəticəsində yaralananların sayı 74 242 nəfərdir.
Xatırladaq ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonu olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub. Güclü yeraltı təkanlardan sonra bölgədə 6,6 maqnitudayadək yüzlərlə afterşoklar qeydə alınıb. Təbii fəlakət Türkiyə və Suriyada böyük dağıntı və minlərlə itkilərə səbəb olub.
İki zəlzələ həmçinin Livan, Kipr, İraq, İsrail, İordaniya, İran və Misirdə hiss edilib.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölənlərin xatirəsini anmaq üçün ölkədə 7 günlük matəm elan edib. Bundan başqa, ölkənin zəlzələ baş verən 10 şəhərində 3 aylıq fövqəladə vəziyyət elan olunub.
Bu hadisə Türkiyədə 1939-cu ildən bəri qeydə alınan ən güclü zəlzələ kimi tarixə düşüb.