BAKI, 10 fevral — Sputnik. ABŞ Mərkəzi Asiya dövlətləri ilə Rusiya arasında sıx əlaqələrdən narazılığını gizlətmir.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə üçüncü departamentinin direktoru Aleksandr Sternik "RİA Novosti"yə müsahibəsində bildirib.
"Cari hadisələr Avropa İttifaqının regional strategiya seçimində müstəqil olmadığını göstərdi. Onun məqsəd və metodları Amerika parametrlərinin surətidir. Vaşinqton isə Mərkəzi Asiya ilə Rusiya arasındakı sıx əlaqələrindən, onların müttəfiqliyindən narazılığını gizlətmir", - deyə diplomat bildirib.
O vurğulayıb ki, Rusiya Xarici İşlər Nazirliyi ölkənin strateji tərəfdaşlarına təzyiqi görür. Rəsmi kanallarla yanaşı, nəzarətdə olan QHT-lər, media və bloqqerlər də buna "yumşaq" şəkildə cəlb olunurlar.
"Bəzən sonuncular tərəfindən rusofob və millətçi narrativlərin, mağara məişət millətçiliyinin təzahürünə çağırışların necə yarandığına heyrətlənməmək mümkün olmur. Mən hələ ortaq tariximizi ləkələmək cəhdlərini demirəm. Bütün müsbət və dramatik cizgiləri ilə, bunsuz, nə bizim, nə də Mərkəzi Asiyadakı qonşularımızın bu gün fəxr etdiyimiz bir çox nailiyyətlər mümkün olmazdı", - deyə Sternik qeyd edib.
Bundan əvvəl Avropa diplomatiyasının rəhbəri Josep Borrell bildirmişdi ki, Avropa İttifaqı Rusiya və Çinin təsirini balanslaşdıra biləcəyi Mərkəzi Asiyada mövcudluğunu gücləndirmək niyyətindədir. O, həmçinin region dövlətləri ilə əməkdaşlığın genişləndirilməsinin, o cümlədən Rusiya Federasiyasından yan keçən nəqliyyat dəhlizlərinin tikintisinin tərəfdarı olduğunu bildirib.